Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının X konfransı keçirilib

05 Oktyabr 2017
Oktyabrın 5-də Lənkəranda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatının X konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Lənkəran şəhər təşkilatı İdarə Heyətinin üzvləri və qonaqlar Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.

YAP-ın banisi, ümummilli lider Heydər Əliyevin və həyatdan köçmüş partiya üzvlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda şəhər icra hakimiyyətinin başçısı, YAP Lənkəran şəhər təşkilatı İdarə Heyətinin üzvü Taleh Qaraşov çıxış edərək bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın yaradılmasının 25 ili tamam olub. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb və keşməkeşli axarda cərəyan etdiyi bir vaxtda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən və əsas siyasi qüvvəyə çevrilən təşkilat olub. Prezident İlham Əliyevin sədri olduğu və bu gün 700 mindən çox insanı sıralarında birləşdirən YAP müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir.

Sonra YAP Lənkəran şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Möhübbət Babayevin şəhər təşkilatının IX konfransından ötən müddətdə görülmüş işlər barədə məruzəsi dinlənilib.

Məruzə ətrafında Ziyafət Əsgərov, Hadi Rəcəbli, Bəhruz Quliyev çıxış edərək fikir və rəylərini bildiriblər. Onlar YAP-ın müasir Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızın bütün sahələrində inkişaf dinamikasına nail olunmasında tarixi xidmətlərindən və xalqın bu siyasi təşkilata yüksək etimadından danışıblar.

Konfransda təşkilatı məsələyə baxılıb. Möhübbət Babayev YAP Lənkəran şəhər təşkilatının sədri, Elnur Həsənəli sədrin müavini, İdarə Heyətinin üzvü seçilib.