Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“YT Park” Ekspertlər Şurasının iclasında rezidentlik almaq üçün müraciətlər qiymətləndirilib

05 Oktyabr 2017
Oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkının (“YT Park”) Ekspertlər Şurasının iclası keçirilib.

“YT Park”dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, şuranın katibi və akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev iştirak ediblər.

Akademik İ.Quliyev iclasda AMEA Yüksək Texnologiyalar Parkına rezidentlik statusu əldə etmək üçün müraciət edən tərəflərlə bağlı məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb. Şuranın keçən iclasında dörd hüquqi şəxsə AMEA “YT Park”ın rezidenti statusu verilməsini və az bir müddət ərzində daha üç qurumun rezidentliyə iddia etməsini müsbət hal kimi qiymətləndirib.

“YT Park”ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iclasın gündəliyində duran əsas məsələnin rezidentlik almaq üçün müraciətlərin qiymətləndirilməsi olduğunu deyib. Bildirib ki, iclasda üç potensial rezident fəaliyyətləri barədə məlumat verəcək.

Daha sonra “Karfo Sənaye və Laboratoriya avadanlıqları” MMC-nin direktoru Loğman Nəsibov, “EPC Group” MMC-nin baş direktoru Mohammad Miabi və “DN TECHNOLOGİES” MMC-nin iqtisadi işlər üzrə direktor müavini Ceyhun Nabadov təmsil olunduqları qurumların fəaliyyəti ilə bağlı təqdimatla çıxış ediblər.

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb və yekun qeydlər aparılıb.