Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müharibə veteranlarının və əlillərin sosial müdafiəsi ilə bağlı layihənin icrası davam etdirilir

05 Oktyabr 2017
 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi “Müharibə veteranlarının və əlillərin sosial müdafiəsinə yardım” layihəsi çərçivəsində cəbhə bölgəsində yaşayan bu kateqoriyadan olan şəxslər və onların ailə üzvləri ilə görüşlər keçirib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılan layihə çərçivəsində görüşlər Ağdam rayonu Quzanlı qəsəbəsində, Bərdə, Füzuli və Tərtər rayonlarında təşkil olunub.

Layihənin müəllifi, İctimai Birliyin sədri Emin Həsənli görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində sağlamlıqlarını itirmiş soydaşlarımıza, bölgələrdə yaşayan müharibə veteranlarına və əlillərə göstərilən yüksək dövlət qayğısından danışıb.

Digər çıxış edənlər müharibə veteranlarının, əlillərin və onların ailə üzvlərinin sosial problemlərinin həll olunmasının cəmiyyətdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətimizə inamın daha da artmasına xidmət etdiyini vurğulayıblar.

Görüşlər çərçivəsində müharibə veteranlarının və əlillərin problemləri barədə müzakirələr aparılıb, onların aradan qaldırılması üçün müvafiq dövlət qurumlarına təkliflər hazırlanıb.