Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT: iqlim dəyişikliyi şəraitində qasırğalar normaya çevrilir

05 Oktyabr 2017
BMT-nin baş katibi Antoniu Quterriş planetdə gedən iqlim dəyişikliyi prosesi ilə təbii fəlakətlərin artmasının əlaqəsini narahatlıqla qeyd etmişdir. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Atlantik okeanı hövzəsində baş vermiş bir neçə qasırğa ilə əlaqədar narahatlığını ifadə edən baş katib sabah “İrma” tufanından zərər çəkmiş ölkələrə yollanacaq. Quterriş demişdir: “Dəymiş ziyanı yerindəcə qiymətləndirmək və BMT-nin zərərçəkənlərə yardım göstərmək üçün daha nə edə biləcəyini öyrənmək üçün Antiqua və Barbuda, habelə Dominikaya gedirəm”. Baş katib “İrma”, “Harvi” və “Mariya” qasırğalarının fəsadlarını xatırlatmışdır.

BMT-nin başçısı vurğulamışdır ki, hazırkı qasırğalar mövsümü son illər Şimali Atlantika regionunda ən intensiv hadisələrdən olmuşdur: “Biz bütün təbii fəlakətləri iqlim dəyişikliyi ilə əlaqələndirməməliyik. Lakin alimlər bildirirlər ki, məhz ekstremal hava şəraiti iqlim dəyişikliyi şəraitində normaya çevriləcək”.

Baş katib qeyd etmişdir ki, son 30 ildə təbii fəlakətlərin sayı üç dəfə, iqtisadi ziyan isə beş dəfə artmışdır.