Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəkili gənclər təntənəli şəkildə hərbi xidmətə yola salınıblar

05 Oktyabr 2017
Vətənə xidmət etmək, onun keşiyində durmaq ölkənin hər bir vətəndaşının müqəddəs borcudur. Ölkə vətəndaşları, xüsusilə də gənclər bu borcu şərəf və ləyaqətlə yerinə yetirməyə hər an hazır olmalıdırlar. Çox sevindiricidir ki, indi gənclər Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına böyük ruh yüksəkliyi və həvəslə gedirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə oktyabrın 5-də Şəki şəhərində keçirilən təntənəli mərasimdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyəti binasının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Şəhər rəhbərliyinin, valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Vurğulanıb ki, ordu dövlətin ən mühüm atributlarından biridir. Hər bir dövlətin gücü və qüdrəti intizamlı orduya söykənir. Bu gün hərbi xidmətə yola salınan gənclər xoşbəxtdirlər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Məhz Ümummilli Liderin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda ordu quruculuğu sahəsində çox böyük dəyişikliklər baş verib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda Milli Ordumuz regionun ən güclü və qüdrətli ordusuna çevrilib. Ordumuz gündən-günə güclənir, onun hərbi qüdrəti daha da artır. Ötən ilin aprel döyüşləri bunu bir daha göstərdi.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ağsaqqal və ziyalılar, valideynlər çıxış edərək, müstəqil Azərbaycanın Milli Ordusunda xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib, gənclərə şərəflə xidmət etməyi, Vətənin keşiyində möhkəm dayanmağı tövsiyə ediblər.

Hərbi xidmətə yola salınan gənclər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Çağırışçı gənclər təntənəli marşın sədaları altında üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola düşüblər.