Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təhsil naziri müəllimləri bayram münasibətilə təbrik edib

05 Oktyabr 2017
Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Dünyanın yüzdən çox ölkəsində keçirilən bu bayram Azərbaycanda da xüsusi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov müəllimləri əlamətdar gün münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir.

Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır.

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayıram!”