Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Lənkəran və Astarada köməksiz vəziyyətdə qalmış 367 nəfər təxliyə edilib

05 Oktyabr 2017
Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran və Astarada yağan yağışlarla bağlı növbəti məlumatı yayıb.

FHN-dən AZƏRTAC-bildiriblər ki, son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub. Eyni zamanda, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə xilasetmə işlərini davam etdirir.

Oktyabrın 4-5-də gecə saatlarından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyə ediblər. Xilasetmə işləri barədə əlavə məlumat veriləcək.