Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji yol xəritələri Azərbaycanı dünyanın daha qüdrətli dövlətinə çevirəcək

05 Oktyabr 2017
 

Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərə çatmaq üçün zəruri tədbirlər görülür

 

Son dövrlər qlobal iqtisadiyyatda gedən proseslər, mürəkkəb xarici iqtisadi mühit əksər ölkələrdə makroiqtisadi sabitliyə mənfi təsir göstərib. Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin, bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşır.

 

Strateji hədəflərə doğru

 

Qlobal böhranın yeni fazasının əsas səciyyəvi cəhətləri dünya istehlakının artım templərinin və qlobal ticarətin zəifləməsi, bununla əlaqədar qiymət şoklarının yaşanması, əsasən də xammallar üzrə qiymətlərin kəskin enməsidir. İqtisadi böhranın milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi mühüm məsələdir.
Yeni mərhələdə əsas hədəf rəqabətqabiliyyətliliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Prezident İlham Əliyevin son illər imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.
Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində əməli addımlar atır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanında qeyd olunduğu kimi, “Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir”.
Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. 2020-ci ilədək olan dövr üçün logistika və ticarət sahəsi üzrə Azərbaycanın strateji baxışı regional tranzit yüklərin cəlb edilməsi ilə yanaşı, həmin yüklər üzərində əlavə dəyərin yaradılmasına nail olmaqdır. Qarşıya qoyulan strateji məqsədlərin həyata keçirilməsi üçün aşağıdakı məsələlər nəzərdə tutulub: uzunmüddətli perspektivdə Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi məqsədilə ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi ilə bağlı müvafiq səylərin gücləndirilməsi; Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonasının fəaliyyətinin təşkili və planlaşdırılan azad ticarət zonaları üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması; ticarət həcminin artırılması və Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi üçün tranzit ticarətindən daha yüksək əlavə dəyərin əldə edilməsi müəyyənləşdirilib.

 

Azərbaycan regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilir

 

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində konkret sahələr üzrə işlər uğurla həyata keçirilir. 2017-ci ilin altı ayı ərzində “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 6 faizinin icrası tamamlanıb, 45 faizinin icrası üzrə işlərə başlanılıb. Ələt Azad Ticarət Zonasının yaradılması ilə əlaqədar bir sıra investorların cəlb edilməsi istiqamətində işlər görülüb, ilkin olaraq Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ilə danışıqlar aparılıb.
Ötən müddətdə logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi istiqamətində avtomobil yollarının və bu yollardakı körpülərin, qurğuların və suötürücü boruların ağır yüklərə qarşı etibarlığının və prioritet marşrutlarda yük hədlərinin artırılması məqsədilə reabilitasiya layihələrinin hazırlanması üçün müvafiq norma və standartlar hazırlanıb. Azərbaycanda yükdaşıma və yükaşırma xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində limanın avadanlıqlarla təminatı məqsədilə 6 portal kranın sifarişi verilmiş, limanın tikintisinin ilkin baş planı üzrə ekspertlərlə birgə optimallaşdırma aparılmış və layihəyə dəyişiklik edilərək yükaşırma potensialı 10 milyon ton və 50 min TEU-dan 15 milyon ton və 100 min TEU-ya çatdırılıb.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində 8,3 kilometr uzunluğunda “Astara Azərbaycan-Astara İran” yeni dəmir yolu xəttinin və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikinti işləri başa çatdırılıb. Dəmir yolu körpüsündən İran ərazisində tikiləcək dəmir yolu stansiyasına və yük terminalına qədər (İran İslam Respublikasının ərazisində) 1,4 kilometrlik hissənin 500 p/m dəmir yolu xətti çəkilib.
Ələt qəsəbəsində yerləşən yeni Bakı limanının ərazisinin daxil olduğu azad ticarət zonasının hüquqi rejiminin hazırlanması üzrə cəlb olunmuş beynəlxalq məsləhətçi şirkət tərəfindən “Azad zonalar haqqında” Azərbaycan Respublikası Qanununun ilkin versiyası hazırlanaraq hökumətə təqdim edilib. Logistika sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Azərbaycan Texnologiya Universiteti arasında kadr hazırlığı üzrə memorandum imzalanıb və cəmiyyət tərəfindən universitetdə logistika laboratoriyası yaradılaraq tələbələrin istifadəsinə verilib.
Bütövlükdə qarşıya qoyulmuş strateji məqsədlərə nail olunması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 400 milyon birbaşa və 205 milyon dolayı olmaqla ümumilikdə 605 milyon manat artacağı və 18900 yeni iş yerinin açılacağı proqnozlaşdırılır. Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üçün təxminən 3160 milyon manat investisiya vəsaitinin tələb olunacağı proqnozlaşdırılır ki, bu da müvafiq texniki-iqtisadi əsaslandırmalar aparıldıqdan sonra dövlət-özəl maliyyələşdirmə mənbələri hesabına təmin ediləcək.

 

Azərbaycan qlobal iqtisadi və siyasi arenada müsbət imiclə tanınır

 

İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişafı, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı fərman imzalaması da həmin məqsəddən irəli gəlir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Azərbaycanda iqtisadi sahədə əldə olunan uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi də bu baxımdan diqqəti cəlb edir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bütövlükdə infrastruktur kateqoriyasında Azərbaycan 4 pillə irəliləyərək 51-ci yerdə, konkret nəqliyyat sistemi üzrə isə 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Bu da çox mühüm göstərici hesab edilə bilər.
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən müsbət nəticələrdir. Ümumi daxili məhsulda, eləcə də qeyri-neft sektorunda irəliləyişə nail olunması respublikanın iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirir.

Elnur HACALIYEV,
“Azərbaycan”