Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkənin hərtərəfli sabit inkişafı respublikanın hər bölgəsinin timsalında görünür

05 Oktyabr 2017
 

Dövlət başçısının Qobustan və Şamaxı rayonlarına səfərləri zamanı bu bir daha təsdiqləndi

 

Azərbaycanın bu gün dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkə olduğu bir bölgənin timsalında da özünü göstərir. Prezident İlham Əliyevin elə bu ilin əvvəlindən bölgələrə səfərlərini xatırlatmaq kifayətdir.
Çünki dövlət başçısı olduğu hər rayonda neçə-neçə istehsal və sosialyönümlü obyektlərin açılışında iştirak edib, yaxud təməlini qoyub. Bu baxımdan Prezidentin Qobustan və Şamaxı rayonlarına səfərləri zamanı istifadəyə verilmiş müəssisələr, yollar, başa çatdırılmış layihələrlə tanışlıq bölgələrimizin, nəticə etibarilə bütövlükdə ölkəmizin inkişafının sabit olduğunu göstərir. Dünyanın hər yerində maliyyə çətinliyi, iqtisadi problemlər yaşandığı bir dövrdə Azərbaycan dövlətinin apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində ölkədə yeni istehsal sahələrinin yaradıldığı, infrastruktur qurulduğu əməli işlərlə təsdiqlənir.
“Abad kənd yolundan bəlli olar” deyiblər. Regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına başlanandan indiyədək ümumi uzunluğu 11 kilometr olan yolların çəkilməsinə baxmayaraq, bu iş yenə də davam edir. Cari ildə həyata keçirilən “40 yol” layihəsi buna aydın misaldır. Bunlar kənd yollarının tikintisi və təmiri layihələridir ki, hərəsi bir neçə kəndi əhatə edir. “40 yol” layihəsi əslində 100-120 kəndin sakinlərinə rahatlıq gətirəcək.
Prezident İlham Əliyev bu il oktyabrın 2-də Qobustan və Şamaxı rayonlarına səfəri zamanı bir neçə yeni yolun açılışında iştirak edib. Bunlardan biri Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsidir. Bu hissə 46 kilometrdən ibarətdir.
Eni 27,5 kilometr olan yol boyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Bu da həm sürücülərin rahatlığına, həm də piyadaların təhlükəsizliyinə xidmət edir.
Yenidən qurulan və oktyabrın 2-də açılışı həyata keçirilən Pirqulu-Dəmirçi avtomobil yolu Şamaxı rayonunun dağlıq ərazisində yaşayan kənd camaatına böyük töhfədir. Belə ki, 8 kilometr uzunluğunda olan bu yol 1,6 min nəfər əhalisi olan 5 kəndi birləşdirir, yük və sərnişin daşınması üçün rahatlıq yaradır.
Təklə-Sündü-Xilmilli avtomobil yolu isə 6 kəndi birləşdirir. Bu kəndlərdə 15 min nəfərdən çox insan yaşayır. Ümumi uzunluğu 17 kilometrdən çox olan yolda suötürücü borular, avtobus dayanacağı quraşdırılıb.
Şamaxı-Çöl Göylər və Padar avtomobil yolunun çəkilişi də başa çatdırılıb. Bu yol Aran və Dağlıq Şirvan iqtisadi rayonları arasında əlaqə yaradaraq 53 kilometrlik ümumi məsafə boyu uzanır.
Bölgələrdə, o cümlədən Şamaxı və Qobustan rayonlarında son dövrlərdə görülən işlər bir-birinə sıx bağlıdır və ümumilikdə sosial-iqtisadi inkişafa xidmət edir. İstifadəyə verilən yeni yollar da kənd əhalisinin təkcə gediş-gəlişinin rahatlığı üçün deyil, həm də onların iqtisadi durumunun yaxşı olması, məsələn, yetişdirdikləri məhsulları bazarlara tez və itkisiz çatdırması üçündür. Bu, eləcə də turizmin inkişafı üçün potensialı böyük olan sözügedən ərazilərə yerli və xarici turistlərin daha çox meyil etməsi ilə nəticələnəcək.
Qobustan və Şamaxı rayonlarının sakinləri üçün böyük önəm daşıyan işlərdən biri də içməli su probleminin həllidir. “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi artıq yekunlaşıb. Oktyabrın 2-də Prezident İlham Əliyev bu münasibətlə təşkil olunmuş mərasimdə də iştirak edib. Bu layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Qobustan şəhərində 11700 nəfərin su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə də suyun verilməsi təmin edilib. Təsi kəndi yaxınlığında 6 subartezian quyusu qazılıb. Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib.
Şamaxı şəhərində də əhali keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilib. Xatırladaq ki, “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ildə 41 min nəfər əhalinin istifadəsinə hesablanıb. İndiyədək Pirsaatçaydan suqəbuledici qurğu, iki su anbarı, nasos stansiyası, magistral kəmər çəkilib. Su şəbəkəsi 8300 ünvana birləşdirilib və onların hər birində sayğac quraşdırılıb.
Dövlət başçısı Şamaxıda bu layihənin açılışında iştirak etməklə yanaşı, rayondakı “AzGranata” MMC-yə məxsus üzüm bağları ilə də tanış olub.
Keçən il “AzGranata”nın üzüm bağlarından 3 min ton məhsul götürülüb. Hazırda bu bağlarda 250 nəfər işlə təmin olunub. Buradan paytaxt sakinlərinin süfrəsinə üzüm göndərilir. Bakıda həmin məhsul “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydasında realizə edilir. Texniki sortlar isə MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir.
Beləliklə, qeyri-neft sektorunun inkişafını, ərzaq təhlükəsizliyinin təminatı istiqamətində aparılan işləri, eləcə də ölkənin ixrac potensialının artmasını bir bölgə müəssisəsinin timsalında görmək olar.
Şamaxı rayonunda Prezident İlham Əliyev Safari Parkı ilə, Dəmirçi kəndində görülən işlərlə tanış oldu, o cümlədən kəndin bərpa edilmiş qədim məscidində oldu. Belə səfərlər təkcə görülmüş işlərə bir baxış, gələcək işlərin istiqamətinin müəyyənləşdirilməsi deyil, həm də insanlara stimul verən, xalq-dövlət birliyini möhkəmləndirən ünsiyyət vasitəsidir. Prezident İlham Əliyev Şamaxı rayonunun sakinləri ilə görüşü zamanı demişdir: “Yol inkişaf, həyat, rahatlıq deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifadə edib daha da yaxşı məhsul yetişdirəcəklər və öz məhsullarını daha da tez bir zamanda bazarlara çıxaracaqlar. Bu layihə bir çox layihələrin arasında önəmli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilibdir. Mərkəzi rayon xəstəxanası, olimpiya idman kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq. İçməli su layihəsi. Şamaxı şəhərinin içməli su layihəsi də artıq öz həllini tapıb”.
Xatırladaq ki, Prezident İlham Əliyev Qobustan rayonuna bundan əvvəlki səfərlərindən birində orada həm külək, həm günəş alternativ enerji mərkəzinin açılışını etmişdi. Bu dəfə isə rayonda yeni yollar açıldı, su təchizatının yaxşılaşdırılması münasibətilə mərasim keçirildi. İndi Qobustanda saf içməli su da, istilik, işıq, rahat yollar da var və bundan təkcə böyüklər deyil, uşaqlar da bəhrələnirlər. Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçası rayonun balaca sakinlərinə gözəl hədiyyədir. Bunun özü də Azərbaycanın gələcəyə, gələcək inkişafa hesablanmış böyük işlərinin bir nümunəsidir.

Flora SADIQLI,
“Azərbaycan”