Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu kolleclərdə mühazirələr keçirib

04 Oktyabr 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramına uyğun olaraq, Bakı Dövlət Sosial-İqtisad Kollecində tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov tələbələrə “Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda mühazirə deyib.

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamının mahiyyəti barədə ətraflı məlumat verən F.Salmanov gəncliyin öhdəsinə düşən vəzifələrdən danışıb, sualları cavablandırıb.

Daha bir mühazirə isə Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilib. Biləcəri Mərkəzi Dəmiryolu Xəstəxanasının həkimi Nərmin Abdullayeva tələbələrə “Qızların yetkinlik dövründə üzləşdikləri fizioloji problemlər və onların həlli yolları” mövzusunda mühazirə oxuyub.

Kollecdə təhsil alan qızlara qadın xəstəlikləri və onların müalicəsi, fizioloji problemlərin yeni texnologiyalardan istifadə etməklə aradan qaldırılması yolları haqqında ətraflı məlumat verilib. İnteraktiv formada keçən mühazirənin sonunda N.Abdullayeva gənclərin şəxsi gigiyena və fizioloji problemlərlə bağlı suallarını cavablandırıb.

Bilik Fondu mütəmadi olaraq bir sıra idarə, müəssisələrdə dövlət siyasətinin prioritet istiqamətləri barədə maarifləndirici tədbirlər, təcrübəli, peşəkar mütəxəssislərin iştirakı ilə görüşlər, sağlam həyat tərzinin təbliği, hüquqi, iqtisadi, mədəni, sosial, ideoloji maarifləndirmə sahəsində mühazirə və təlimlər təşkil edir.