Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Valter Stivens: Avropa İttifaqı Azərbaycan ilə əlaqələrə böyük önəm verir

04 Oktyabr 2017
Oktyabrın 4-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, sədr Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirdi. “İnanırıq ki, bu səfər münasibətlərimizin dərinləşməsinə öz töhfəsini verəcək”, - deyən Oqtay Əsədov vurğuladı ki, son dövrlərdə tərəflər arasında müsbət dinamika müşahidə olunmaqdadır. Aİ ilə Azərbaycan arasında vaxtilə imzalanmış Saziş bu günün reallıqları ilə uyğunlaşmır. Buna görə də tərəflər arasında yeni sənədin imzalanması üzrə danışıqlar aparılır. Spiker ümidvar olduğunu bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da dərinləşməsinə maneçilik törədən hallar tezliklə öz məntiqi həllini tapacaq.

Bildirildi ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da, Avronest PA-da, Avropa Parlamentinin (AP) tədbirlərində fəal iştirak edir. Milli Məclislə Avropa Parlamenti arasında münasibətlərdə birillik durğunluqdan sonra əməkdaşlığımız güclənməkdədir. Bu hal Parlament Əməkdaşlıq Komitəsi və Avronest PA çərçivəsində də müşahidə olunmaqdadır. Biz bu dinamikanı qoruyub saxlamaq niyyətindəyik.

Sədr deyib: “Çox təəssüf ki, son bir neçə ayda münasibətlərimizə xələl gətirmək istəyən qüvvələr yenidən fəallaşaraq, Azərbaycanı Avropa İttifaqından kənarda tutmaq üçün səylər göstərirlər. Biz hər zaman bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa tərəfdar olmuşuq. Ancaq bir sıra Avropa qurumları tərəfindən ölkəmizə yanaşmada ciddi gərginliyə səbəb ola biləcək addımlar atılmaqdadır. Bizə təzyiq etmək istəyən qüvvələrə dəfələrlə sübut etmişik ki, Azərbaycanla siyasi təzyiq dilində danışmaq olmaz.

AŞPA və AP tərəfindən Azərbaycanla bağlı sənəd qəbul etmək artıq bir ənənə halı alıb. İnsan hüquqları ilə əlaqədar müxtəlif mətbu orqanlarda dərc olunmuş yazılar əsasında ölkəmizlə bağlı belə addımların atılması qəbuledilməzdir. Belə məsələlərdə rəsmi qurumların da fikrini öyrənmək daha obyektiv olardı. Azərbaycan hakimiyyəti ölkədə insan hüquqlarının qorunması, demokratiyanın daha da möhkəmlənməsi üçün gərəkli olan addımları atır. Müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya və demokratiyanın daha da dərinləşməsi xalqımızın düşünülmüş, şüurlu seçimi olub və biz bu siyasətə bu gün də sadiqik”.

Sədr qeyd etdi ki, demokratiya, insan haqları, qanunun aliliyi kimi prinsipləri regional, siyasi reallıqlardan və təhlükəsizlik anlayışından kənarda dəyərləndirmək olmaz. Bu, gələcəkdə çox ciddi fəsadlar törədə bilər. Təbiidir ki, hər bir ölkədə bəzi sahələrdə çatışmazlıqlar da var. Bizi tənqid edən Avropa ölkələrinin özlərində də müxtəlif sahələrdə problemlər mövcuddur. Lakin onların məhz Azərbaycanda olan bir sıra nöqsanları qəsdən şişirtməsi və beynəlxalq təşkilatları da buna alət edərək ölkəmizə təzyiq göstərməsi anlaşılan deyil. İkili standartlara son qoymağın vaxtı çoxdan çatıb. Spiker fikrinin təsdiqi kimi Avropa Şurası baş katibinin və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bu mövqedən çıxış edərək atdıqları addımlara diqqət çəkdi.

Bildirildi ki, ölkəmiz beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Milli Məclisdə Avropa Şurasının onlarla konvensiyası ratifikasiya olunub. Çox təəssüf ki, insan hüquqları haqqında ağızdolusu danışan bəzi siyasətçilər Azərbaycanın 20 faiz torpağının işğal olunmasına, 1 milyon insanın öz yurdlarından didərgin düşməsinə, Xocalı soyqırımına göz yumurlar. Onlar BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, Avropa Parlamentinin və digər beynəlxalq qurumların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qərar və qətnamələrə biganə yanaşırlar. Bu kimi hallar haqlı olaraq ölkə ictimaiyyətində suallar doğurur. Azərbaycanın yerləşdiyi regionu tanımayan, mövcud geosiyasi reallıqlardan xəbərsiz insanların bölgədə baş verən hadisələrə qiymət verməsi ən azından qeyri-ciddi bir hərəkətdir.

Az-çox məlumatı olan hər kəs Dağlıq Qarabağ münaqişəsinin bölgə ölkələri üçün, xüsusilə də Azərbaycan üçün siyasi yükünü yaxşı başa düşür. Məhz buna görə də ayrı-ayrı təşkilatların və siyasətçilərin Azərbaycana davamlı təzyiqləri fonunda Ermənistana münasibətdə loyallıq göstərmələri çox qəribədir. Ümid edirik ki, gələcəkdə belə hallarla rastlaşmayacağıq. Biz bütün beynəlxalq qurumlarla bərabərhüquqlu əməkdaşlığa hazırıq.

Çıxışının sonunda Oqtay Əsədov Valter Stivensi ad günü münasibətilə təbrik edərək, qonağın belə bir günü Bakıda qeyd etməsinin rəmzi məna daşıdığını söylədi və ona gələcək fəaliyyətində uğurlar dilədi.

Təbrikə görə minnətdarlığını bildirən Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens bildirdi ki, bugünkü görüşdə Aİ-yə daxil olan 28 ölkənin səfirləri iştirak edirlər. Səfərdən məqsəd ölkəmizdəki vəziyyətlə yaxından tanış olmaq, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. Qonaq qeyd etdi ki, o, Azərbaycana ölkəsinin ATƏT-ə sədrliyi dövründə səfər edib, budəfəki gəlişində isə böyük dəyişikliklərin və inkişafın şahidi olub.

Valter Stivens dedi ki, cari ilin noyabr ayında Şərq Tərəfdaşlığı çərçivəsində Brüsseldə böyük bir tədbirin keçirilməsi nəzərdə tutulur. O, təmsil etdiyi qurumla Azərbaycan arasında yeni saziş üzərində işin başlanmasından məmnunluq duyduğunu ifadə etdi.

Qonaq Aİ ilə Milli Məclis arasındakı əlaqələrin inkişafını yüksək dəyərləndirdi. Bildirildi ki, Azərbaycan Avropada öz tolerantlığı ilə seçilən, müxtəlif sivilizasiyaların qovuşduğu bir məkan kimi tanınır. Bu yaxınlarda din xadimlərinin Brüsseldə keçirilmiş görüşündə bu fikir bir daha vurğulandı. Müstəqil Azərbaycanın təhlükəsizliyə, terrorizmə qarşı mübarizəyə verdiyi dəstək Avropa ictimaiyyətinə yaxşı məlumdur. Biz bütün bunları yüksək qiymətləndiririk. Xüsusi qeyd edildi ki, Avropa İttifaqı Azərbaycanla münasibətlərini daha da dərinləşdirmək, inkişaf etdirmək niyyətindədir.

Görüşdə iştirak edən Estoniya nümayəndəsi, səfir Lembit Uibo, Finlandiya təmsilçisi, səfir xanım Sofi Emmesberger, fransalı səfir Nikola Suran ölkəmizdə gördüklərindən məmnun qaldıqlarını söyləyərək, ikitərəfli əlaqələr barədə fikirlərini açıqladılar. Onlar Azərbaycanda son dövrdə Avropaya inteqrasiya istiqamətində atılan addımları müsbət dəyərləndirərək, hələ Xalq Cümhuriyyəti dövründə Azərbaycanda qadınlara seçki hüququnun verilməsini mühüm tarixi hadisə kimi qiymətləndirdilər.

Milli Məclisin sədri Azərbaycanda demokratiyanın qədim tarixi köklərə söykəndiyini vurğuladı. Bildirildi ki, gender bərabərliyi sahəsində ölkədə mühüm addımlar atılıb, bu gün qadınlar ölkənin ictimai-siyasi həyatında və idarə olunmasında yaxından iştirak edirlər. Milli Məclisdə deputatların 20 faizi qadınlardan ibarətdir. Onlar parlament rəhbərliyində təmsil olunub və hazırda bir neçə komitəyə başçılıq edirlər.

Söhbət zamanı parlamentin sədri qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirərək, onların suallarına ətraflı cavablar verdi.

Görüşdə parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, gənclər və idman komitəsinin sədri, Avronest PA-da nümayəndə heyətimizin rəhbəri Fuad Muradov, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev, Avropa İttifaqında ölkəmizin daimi nümayəndəsi, səfir Fuad İsgəndərov və digər rəsmi şəxslər iştirak ediblər.