Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

04 Oktyabr 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilk dəfə Bakıda olduğunu, paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Alessandro Profumo bu ilin mayında “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunduğunu və ilk xarici səfərini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin İtaliya üçün və eləcə də təmsil etdiyi şirkət üçün böyük əhəmiyyət daşıdığını dedi. Alessandro Profumo “Leonardo” şirkətinin çoxşaxəli fəaliyyət göstərdiyini qeyd edərək ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Alessandro Profumonu “Leonardo” şirkətinin baş icraçı direktoru təyin olunması münasibətilə təbrik etdi. Dövlətimizin başçısı bu ilin əvvəlində “Leonardo” şirkətinin keçmiş baş icraçı direktoru Mauro Moretti ilə görüşünü xatırlayaraq Alessandro Profumonun ilk xarici səfərini Azərbaycana etməsini ölkəmizə olan marağın yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə İtaliya arasında əlaqələrə toxunan Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığımızın gündəliyinin çox geniş olduğunu, ölkələrimizin bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sənaye, ticarət sahələrində uğurlu əməkdaşlıq etdiklərini bildirdi.

Görüş zamanı “Leonardo” şirkəti ilə ölkəmizin bir çox strukturları, o cümlədən Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR, Silkway şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, kibertəhlükəsizlik sahəsində perspektivlər müzakirə edildi və əməkdaşlığımızın yaxşı potensiala malik olduğu bildirildi.