Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dərin islahatlar dövründən sürətli inkişaf mərhələsinə

04 Oktyabr 2017
 

Prezident İlham Əliyev yeni inkişaf hədəflərini elan etdi

 

2013-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhranın yeni dalğası əksər böyük dövlətlərin iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Xüsusən də neftin qiymətində baş verən dəyişikliklər bəzi ölkələrdə yeni iqtisadi böhranın baş qaldırmasına, kəskin maliyyə çatışmazlığına, sosial və investisiya proqramlarının ixtisar olunmasına gətirib çıxardı. Təbii ki, bu böhran Azərbaycandan da yan keçmədi. Lakin Azərbaycan Prezidentinin həyata keçirdiyi qabaqlayıcı və məqsədyönlü tədbirləri, yeni iqtisadi islahatları qlobal böhranın yaratdığı mənfi təsirlərdən ölkəmizin az itki ilə çıxmasına imkan yaratdı.

 

2016-cı il - dərin islahatlar zamanı

 

Realist siyasətçi kimi yeni dövrün çağırışlarını düzgün dəyərləndirən, müəyyən çətinliklərə əzmlə sinə gərərək fəal antiböhran tədbirlərini reallaşdıran İlham Əliyevin xüsusən də 2015-ci ilin əvvəlindən həyata keçirdiyi antiböhran tədbirləri sistemliliyi və ardıcıllığı ilə diqqət çəkdi. Qabaqlayıcı tədbirlərin görülməsi, düzgün iqtisadi siyasətin yeridilməsi Azərbaycanın bu iqtisadi böhranlardan uğurla çıxmasını şərtləndirən əsas səbəblər oldu. Neft gəlirlərini başlıca sosial-iqtisadi problemlərin həllinə yönəltməklə yanaşı, strateji valyuta ehtiyatları neftin qiymətindəki dəyişikliklərdən asılı olmayaraq inkişaf tempini saxlamağa imkan verdi.
Qlobal məkanda mürəkkəb siyasi-iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi zamanda dövlət başçısı yeni çağrışlara uyğun islahatlara başladı.
“2016-cı il dərin islahatlar ili olacaq” - deyən dövlət başçısının qəbul etdiyi mühüm qərarlara, imzaladığı fərman və sərəncamlara əsasən yeni iqtisadi strategiya start götürdü. Elmi şəkildə həyata keçirilən iqtisadi islahatlara əsasən mühüm qurumlar yaradıldı. Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi Şurasının, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılmasını xüsusi qeyd etmək lazımdır. Bu qurumların yaradılmasında məqsəd ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaq idi.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair strateji yol xəritələrinin təsdiq olunması həm də qlobal böhrandan çıxış yollarını özündə ehtiva etdi. Fərman iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə yeni hədəfləri müəyyənləşdirdi. Dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da yüksəlməsinə xidmət edən strateji yol xəritələri hazırlandı. Bu sənəd qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini bir qədər də gücləndirəcək mühüm sənəd oldu.

 

2017-ci il - dayanıqlı inkişaf dövrü

 

Siyasi və sosial kataklizmlərə baxmayaraq, İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi inkişaf konsepsiyası ilə Azərbaycan yerləşdiyi coğrafiyanın sabitlik adası, iqtisadi inkişafı və inteqrasiyanı təşviq edən lider dövlət statusunu qoruyub saxladı.
Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı bəyan etdi ki, bu il Azərbaycan üçün uğurlu il olacaq və deyildiyi kimi də oldu. 2017-ci ildə Azərbaycan yeni iqtisadi və siyasi çağırışlara adekvat islahatları davam etdirərək mühüm uğurlar qazandı.
İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən Prezident İlham Əliyev respublikamızın dünyada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin etdi. Ölkədə həyata keçirilən kompleks islahatlar eyni zamanda, qeyri-neft sektorunun davamlı inkişafına stimul yaratdı.
Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı bildirdi ki, təkcə bu ilin 7 ayı ərzində valyuta ehtiyatlarımız 3 milyard 600 milyon dollar səviyyəsində artıb: “Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir. Bir sözlə, 2017-ci ildə də Azərbaycan uğurlu inkişaf dinamikasını saxlayır, onu möhkəmləndirir, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atır. Beləliklə, biz gələcək inkişaf üçün də gözəl şərait yaradırıq”.
İlin uğurlu nəticələri bir il əvvəl 2016-cı ili “dərin iqtisadi islahatlar ili” elan edərək kompleks islahatların həyata keçirilməsini təmin etmiş Azərbaycan Prezidentinin uğurlu antiböhran strategiyasının məntiqi göstəricisidir. Bu strategiya Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır. 2017-ci ilin doqquz ayında iqtisadiyyatda əldə olunan müsbət nəticələr deməyə əsas verir ki, müstəqil Azərbaycan davamlı inkişaf edir.
Respublikanın əldə etdiyi uğurların dünyanın ən nəhəng reytinq təşkilatlarının hesabatlarında əksini tapması isə ölkəmizdə aparılan islahatların uğurlarından xəbər verir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması da bunu təsdiq edən amillərdən biridir.
Ötən əsrin 90-cı illərində ağır sosial-iqtisadi vəziyyətdə olan, ərazisinin 20 faizinin Ermənistanın təcavüzünə məruz qalan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan, eləcə də beynəlxalq dəstəkdən məhrum edilən Azərbaycan dövlətinin adı artıq dünyanın inkişaf etməkdə olan ölkələri sırasında çəkilir. Azərbaycanın hərtərəfli düşünülmüş mükəmməl konsepsiya əsasında tərəqqi etdiyi göz önündədir.

 

2018-ci il - sürətli inkişaf mərhələsi

 

Tarix sübut edir ki, uğurları qlobal miqyasda qəbul edilməyən ölkə beynəlxalq aləmdə nüfuz sahibinə çevrilə bilməz, yüksək imicə malik olmaz. Çox uzağa getmədən elə postsovet məkanından bu barədə kifayət qədər fakt göstərmək olar. Bu mənada artıq kosmos dövlətinə çevrilən, bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasına seçilməklə iki il dünyanın ən ali təşkilatında uğurlu fəaliyyət göstərən, yerləşdiyi bölgənin imkanlarından, malik olduğu karbohidrogen resurslardan səmərəli istifadə etməklə uğurlarını ildən-ilə sürətlə artıran Azərbaycan həqiqətən, inkişaf fenomeninə çevrilib. Odur ki, Azərbaycanın idarəçilik və inkişaf modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub. Bütün bunlar və ən əsası, Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdir.
Azərbaycan dünyada həm də enerji daşıyıcılarının etibarlı ixracatçısı və regionun ən mühüm logistik-tranzit mərkəzi kimi tanınır. Karbohidrogen ehtiyatlarının hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaradıb.
Oktyabrın 2-də “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə Prezidenti İlham Əliyev 2018-ci il üçün həm yeni hədəfləri açıqladı, həm də gələn ilin sürətli iqtisadi inkişaf ili olacağını bəyan etdi. Azərbaycanın bu gün dünya miqyasında sabitlik, inkişaf, tərəqqi baxımından seçilən ölkələrdən olduğunu söyləyən Prezident bildirdi ki, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və xalqa xas olan vətənpərvərlik amilləri bu uğurların əsasını təşkil edir: “...İqtisadi siyasətimiz Azərbaycan xalqının maraqlarına tam cavab verir, ölkəmiz güclənir. Onu da qeyd etməliyəm ki, bu il neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Bu, onu deyir ki, biz hətta çətin illərdə də düzgün siyasət apararaq nəinki ehtiyatlarımızı xərcləməmişik, əksinə, biz əlavə pul qazanmışıq. Bu pul ölkəmizin, xalqımızın maraqlarına xidmət göstərir. Bu pulla biz məktəblər, xəstəxanalar tikirik, yollar, su xətləri çəkirik, ölkəmizin müdafiə qüdrətini gücləndiririk”.
Prezidentin elan etdiyi hədəflər, yəni, Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə qarşıda duran əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac və rəqabət imkanlarını genişləndirməkdir. İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun daha da təkmilləşdirilməsi yaxın dövrdə qeyri-neft ixracının daha da artımına gətirib çıxaracaq. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradır. Azərbaycanın dövlət büdcəsi isə il ərzində qarşıda duran hər bir vəzifənin həyata keçirilməsi üçün yetərlidir.
Bütün bunlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti ilə yeni inkişaf mərhələsinin başlanğıcında olan Azərbaycan 2018-ci ildə də özünün sürətli inkişafını təmin edərək qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”