Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BDU ilə Karlova Universiteti arasında əməkdaşlığın 45 illiyi qeyd olunub

03 Oktyabr 2017
Bakı Dövlət Universiteti (BDU) ilə Çexiyanın Karlova Universiteti arasında dostluq və əməkdaşlığın 45 illiyinə həsr olunmuş tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov 1972-ci ildə BDU ilə Karlova Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında müqavilənin hər iki ali təhsil müəssisəsi üçün səmərəli olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ötən illər ərzində 500-dən çox müəllim və tələbə təcrübə mübadiləsində iştirak edib, elmi əlaqələrin möhkəmlənməsinə xidmət göstərib. Karlova Universitetindən gəlmiş 10 müəllim və tələbə ölkəmizin flora və faunasını öyrənmək üçün Gəncə, Qazax, Lənkəran və Naxçıvanda olub.

Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka BDU ilə Karlova Universiteti arasındakı əlaqələri yüksək qiymətləndirib. Səfir çexiyalı tələbə və alimlərin BDU-nun Qubadakı tədris-təcrübə və istirahət mərkəzində maraqlı tədqiqatlar apardıqlarını, onlara yaradılan şəraitdən razı qaldıqlarını diqqətə çatdırıb.

Karlova Universitetinin professoru Daniel Frinta BDU ilə 30 illik əlaqəsindən danışıb.

Tədbir universitetlərarası əlaqələrin 45 illiyinə həsr olunmuş sərgiyə baxışla başa çatıb.