Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Ukrayna münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

03 Oktyabr 2017
Oktyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, görüşdə Azərbaycan və Ukrayna xalqlarının ənənəvi dostluq əlaqələrindən bəhs edən Oqtay Əsədov bildirib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Qeyd olunub ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dövlət başçılarının görüşləri, aparılan danışıqlar münasibətlərin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir. “Bu gün müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir. Biz Ukrayna ilə əlaqələrimizin inkişafını xalqlarımızın rifahı naminə hər iki tərəf üçün önəmli hesab edirik”,- deyə Oqtay Əsədov vurğulayıb.

Sədr diqqətə çatdırıb ki, iki ölkə arasında əlaqələrin dərinləşməsində parlamentlər mühüm rol oynayır. Bu baxımdan deputatlarımızın qarşılıqlı səfərləri və nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaları təqdirəlayiqdir. O deyib: “Bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri, o cümlədən Ukraynanın qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədə fəaliyyətin genişlənməsi ümumi işin xeyrinə olardı”.

Söhbət zamanı sədr iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikirlərini açıqlayıb.

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəmizə məsul vəzifədə ilk səfərindən və burada keçirdiyi görüşlərdən razı qaldığını söyləyib. Bildirilib ki, Ukrayna Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrini dərinləşdirmək niyyətindədir. Nazir ölkələr arasında münasibətlərin inkişafında parlamentlərin rolunun əhəmiyyətini qeyd edib, qanunvericilik orqanları arasında münasibətlərin genişləndirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, bu, əlaqələrin inkişafı baxımından həyatın digər sahələrinə də öz müsbət təsirini göstərər.

Qəbulda tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və digər rəsmi şəxslər iştirak ediblər.