Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Professor Əli Rəcəbli Tarix Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından biri olub

03 Oktyabr 2017
Oktyabrın 3-də AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) qocaman əməkdaşı, görkəmli tarixçi-alim, numizmat, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 90 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 3-də MATM-də keçirilən elmi sessiyada muzeyin direktoru, akademik Nailə Vəlixanlı Ə.Rəcəblinin həyat və yaradıcılığı barədə məlumat verib.

Qeyd olunub ki, Ə.Rəcəbli yarıməsrlik ömrünü muzey işinə və Azərbaycan numizmatikasının öyrənilməsinə həsr edib. O, muzeyin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla yanaşı, respublikada diyarşünaslıq işinin təşkili sahəsində də xüsusi yeri olan aparıcı muzey işçisidir. Məhz onun səyləri nəticəsində mühafizi olduğu, 150 mindən çox sikkə və digər maddi mədəniyyət abidəsinin saxlanıldığı muzeyin numizmatika fondu Azərbaycanın yeganə və zəngin sikkə xəzinəsi, numizmatik tədqiqatlar mərkəzi kimi şöhrət tapıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və digər çıxış edənlər Ə.Rəcəblinin elmi fəaliyyətindən söhbət açıblar.