Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

03 Oktyabr 2017
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, cədvəl Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Prinin yekununa əsasən müəyyənləşib. Turniri beşinci pillədə başa vuran Elxan Məmmədov müəyyən fasilədən sonra yenidən zirvəyə yüksəlib. O, 100 kiloqram çəki dərəcəsində bütün rəqiblərindən öndədir. Dünya çempionumuzla eyni çəkidə mübarizə aparan Elmar Qasımov 1 pillə geriləyərək 4-cü yerə enib.

Komandamızda ən çox irəliləyən isə Mehman Sadıqov olub. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Qran-Pridə 5-ci olmaqla reytinq xalını 566-ya çatdırıb. Bu, ona mövqeyini 24 pillə yaxşılaşdırmağa imkan verib.

Zaqrebdən çempion kimi dönən Rüstəm Orucov (73 kq) yenə ikincidir. Onunla eyni çəkidə tatamiyə çıxan Hidayət Heydərovun da mövqeyi dəyişməz qalıb. O beşinci pillədə qərarlaşıb. Komandamızın heyətində Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) da yerini qoruyub. Onlar müvafiq olaraq, 12-ci və 8-cidir. Tural Səfquliyev (90 kq) isə irəliləyənlər arasındadır. O, 2 rəqibini arxada qoymaqla, 14-cü pilləyə qalxıb.

Digər aparıcı cüdoçularımıza gəlincə, Xanım Hüseynova (63 kq) 2, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüfət İsmayılov (81 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) hərəyə 1 pillə geriləyiblər. Onlar müvafiq olaraq, 54-cü, 3-cü, 12-ci, 21-ci, 36-cı və 43-cü yerdədirlər.