Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan qrossmeysteri dünyanın ilk onluğunda

03 Oktyabr 2017
Şahmatçıların 2017-ci il oktyabrın 1-nə olan URS reytinqi (“Grand chess tour” tərəfindən təsis edilən, şahmatçıların bütün yarışlarda, o cümlədən klassik, rapid və blits yarışlarında çıxışını nəzərə alan universal reytinq) açıqlanıb.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2785 reytinqlə cədvəldə 8-ci yeri tutaraq ilk onluğa daxil olub. Cədvələ əvvəlki kimi Norveç nümayəndəsi Maqnus Karlsen (2867) başçılıq edir. Ondan sonra ABŞ şahmatçısı Hikaru Nakamura (2803) gəlir.

Azərbaycan şahmatçılarından yüzlüyə daxil olanlar sırasında Teymur Rəcəbov (2738) 21-ci, Rauf Məmmədov (2714) 39-cu, Qədir Hüseynov (2694) 65-ci, Arkadi Naydiç (2690) 68-ci və Eltac Səfərli (2677) 80-ci yeri tutub.