Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yerun Uilyams: Avropa İttifaqı hər zaman Azərbaycanda peşə təhsilinin inkişafına maraq göstərir

03 Oktyabr 2017
Avropa İttifaqı (Aİ) hər zaman Azərbaycanda peşə təhsilinin inkişafına maraq göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlığ şöbəsinin rəhbəri Yerun Uilyams oktyabrın 3-də “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək proqramı - peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət qrantları” mövzusunda keçirilən seminarda deyib.

Aİ-nin əsasən işəgötürənlərlə peşə təhsili müəssisələri arasındakı əməkdaşlığa xüsusi önəm verdiyini bildirən Y.Uilyams deyib: “Ötən bir ildə Aİ Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın özəl şirkət arasında sorğu keçirib. Sorğu nəticəsində məlum olub ki, peşə təhsili müəssisələrinin verdiyi bilik və bacarıqlar özəl şirkətlərdə olan işlərlə həmahəng deyil. Bir çox hallarda özəl sektor müəyyən sahələr üzrə müvafiq işçini tapmaqda çətinlik çəkir. Buna görə də düşünürük ki, ölkənizdə peşə təhsili sahəsində islahatların aparılması üçün davamlı dəstək lazımdır”.

Y.Uilyams diqqətə çatdırıb ki, Avropada vahid peşə təhsili modeli yoxdur. Bu sahənin inkişafı üçün bütün ölkələrlə yanaşı, Azərbaycanın da maraqlarına uyğun model seçilməlidir. Peşə təhsili sahəsinin inkişafı özəl və dövlət sektorları ilə peşə təhsil müəssisələri arasındakı əməkdaşlığa əsaslanmalıdır.