Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa voleybolunun nəbzi Bakıda vurdu

03 Oktyabr 2017
 

Azərbaycan daha bir nüfuzlu idman tədbirinə evsahibliyi etməklə növbəti dəfə nümunə göstərdi

 

Azərbaycan dünyanın ən nüfuzlu yarışlarına evsahibliyi edən ölkələr sırasındadır. Hər il mötəbər beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və idmançılarımızın müxtəlif turnirlərdə qazandıqları yüksək nəticələr bütün  sahələrdə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Tarixdə ilk dəfə keçirilmiş I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, dünya və qitə çempionatlarının və  bir sıra digər nüfuzlu turnirlərin ölkəmizə  həvalə edilməsi  beynəlxalq ictimaiyyətin Azərbaycana marağından irəli gəlir. Bu yarışların təşkili səviyyəsi beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirilib və təqdir olunub.

 

Avropanın ən güclüləri

 

Bu günlərdə paytaxtımız daha bir nüfuzlu yarışa evsahibliyi edib. Voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin əksər oyunu Bakıda keçirilib. Ölkəmiz  turnirə qonşu Gürcüstanla birgə evsahibliyi edib. Qadın voleybolu tarixində ilk dəfə postsovet məkanında təşkil olunan turnirin oyunları Azərbaycanın iki şəhərində - Bakı və Göygöldə, eyni zamanda, Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilib.

Azərbaycan, Almaniya, Polşa və Macarıstan A qrupunda, Gürcüstan, İtaliya, Xorvatiya və Belarus B qrupunda, Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna C qrupunda, Serbiya, Niderland, Belçika və Çexiya isə D qrupunda mübarizə aparıblar. A və C qrupunun görüşlərinə, play-off mərhələsinin oyunlarına və final matçına Bakı, D qrupunun qarşılaşmalarına isə Göygöl evsahibliyi edib. Tbilisidə isə B qrupunun oyunları keçirilib.

Xatırladaq ki, çempionatın final mərhələsinin Azərbaycan və Gürcüstanda  təşkil olunması haqqında qərar  2014-cü il 25 oktyabr tarixdə  Türkiyənin Antalya şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) XXXV Baş Assambleyasında qəbul edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli sərəncamı ilə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsini layiqincə keçirmək məqsədilə təşkilat komitəsi yaradılmışdı. Turnirin yerli təşkilat komitəsi ötən müddət ərzində nəzərdə tutulan bütün işləri vaxtlı-vaxtında icra edib, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdi. İdmançıların qarşılanması və yerləşdirilməsinədək bütün məsələlər yüksək səviyyədə həll olunmuşdu.

 

Milli Gimnastika Arenasında voleybol bayramı yaşandı

 

Sözsüz ki, qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə yüksəlmək ölkəmizin imza atdığı uğurlardan biridir. Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil Azərbaycanın xarici arenada qazandığı nailiyyətlər, tutduğu önəmli yerlə bağlıdır.

İdmançılarımız isə doğma divarlar arasında keçirilən turnirlərdə demək olar ki, saysız-hesabsız medallar qazanaraq rekordlara imza atırlar. Qadın voleybolçularımız qitə çempionatının final mərhələsində mükafatçılar sırasına düşmək şansını son matçda əldən versələr də, nümayiş etdirdikləri oyunla könüllərin çempionu olduqlarını göstərdilər.

Sentyabrın 22-dən oktyabrın 1-dək yarışların keçirildiyi Milli Gimnastika Arenasında əsl voleybol bayramı yaşanırdı. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva və ailə üzvlərinin voleybolçularımızın oyunlarını birbaşa zalda izləmələri isə onlara verilən ən böyük mənəvi dəstək idi.

 

Serbiya çempion, millimiz 4-cü oldu

 

Milli komandamız turnir müddətində nümayiş etdirdiyi əzmkar oyunu ilə azarkeşlərin rəğbətini qazandı. Voleybolçularımız mübarizə apardığı A qrupunda möhtəşəm qələbələrlə yadda qaldı.  Qrupun ilk matçında Macarıstan yığmasını 3:0 hesabı ilə məğlub edərək Avropa çempionatına qələbə ilə başlayan qadın voleybolçularımız qrupun növbəti turunda polşalı həmkarları ilə qarşılaşıblar. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun sonuncu turunda Almaniya yığmasından 3:1 hesabı ilə üstün olan voleybolçularımız xallarının sayını 9-a çatdıraraq qrup lideri kimi dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.

Almaniya seçməsi isə 4 xalla play-offa vəsiqə əldə edib. Bu mərhələdə bolqarıstanlı həmkarlarından üstün olan (3:2) almanlar 1/4 finalda millimizin rəqibi olublar. Qrupda olduğu kimi, Faiq Qarayevin yetirmələri yarımfinala gedən yolda da Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Yarımfinalda isə rəqib turnirin favoritlərindən sayılan Niderland komandası olub. Hər dəfə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxıblar.  Gərgin və maraqlı keçən görüşün yekununda əlavə setdə uduzan (2:3) voleybolçularımız finala yüksəlmək şansını itiriblər.

Qitə çempionatında 3-cü yer uğrunda görüşdə Türkiyə seçməsi ilə qarşılaşmanı 1:3 hesabı ilə uduzan komandamız turniri 4-cü yerdə başa vurub. Avropa çempionu tituluna isə finalda Niderland millisinə 3:1 hesabı ilə qalib gələn Serbiya yığması layiq olub.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”