Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanda “Yay məktəbi” layihəsi başlayıb

02 Oktyabr 2017
Oktyabrın 1-dən 10-dək Azərbaycanda Berlin Humboldt Universiteti və ADA Universiteti ilə birlikdə Azərbaycan, alman, gürcü tələbə və doktorantlar üçün “Yay məktəbi” təşkil olunur. Layihə çərçivəsində yay məktəbinin iştirakçıları üçün Azərbaycanın bir neçə regionuna səfərlər, müxtəlif gəzintilər, maarifləndirici dərs və treninqlər nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, layihənin başlanması münasibətilə oktyabrın 2-də ADA Universitetində “Yay məktəbi”nin iştirakçıları ilə görüş keçirilib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə tədbir iştirakçılarına universitetin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Universitetin əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır.

Prorektor layihənin uğurla keçəcəyinə inandığını bildirib, tələbələrə xoş və səmərəli vaxt arzu edib.

Layihənin rəhbəri, Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Mariya Aux “Yay məktəbi” haqqında danışıb. O deyib ki, “Yay məktəbi”ndə keçirilən dərslərin əsas mövzuları Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişaf perspektivləridir. Mövzular xüsusilə Azərbaycanda qeyri-neft sektorunda baş verən dəyişikliklər, o cümlədən böyük regional infrastruktur layihələri, turizm, kənd təsərrüfatı, ərzaq sənayesi, maşınqayırma, yüngül və ağır sənaye və digər sahələrin inkişafındakı nailiyyətlər haqqındadır. E.M.Aux bildirib ki, Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin məqsədi alman tələbə və doktorantlarını Azərbaycanla bağlı maraqlı elmi araşdırma mövzularına cəlb etmək, bu yolla da ölkəmizin gələcək alimlərin maraq dairəsinə daxil olmasını stimullaşdırmaqdır.

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Əşrəf Şıxəliyev ölkələr arasında əlaqələrin möhkəmlənməsi üçün bu cür layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O deyib ki, bu layihə multikultural Azərbaycanın qədim tarixi, dəyərləri, ənənələri, mədəniyyəti və müxtəlif şəhərləri ilə yaxından tanış olmaq üçün gözəl fürsətdir. “Yay məktəbi”, həmçinin millətlərin bir-birinin daha yaxından tanış olmaları üçün böyük imkandır. Ə.Şıxəliyev bu cür elmi proqramların davam etdirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə, həmçinin “ADA” Universiteti ilə Humboldt Universiteti arasında əməkdaşlıq və tələbə mübadiləsi haqqında müqavilə imzalanıb.