Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin payız sessiyası öz işinə başladı

02 Oktyabr 2017
Oktyabrın 2-də Milli Məclisin 2017-ci il payız sessiyasının ilk iclası keçirildi. Sessiyanın açılışı münasibətilə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan edərək parlamentin 2017-ci ilin yaz və növbədənkənar sessiyalarının uğurla başa çatdırıldığını bildirdi. Onun sözlərinə görə, Milli Məclisin nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmlə yerinə yetirilib. Dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi daxili və xarici siyasətin dəstəkləməsi istiqamətində lazımi tədbirlər həyata keçirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul olunub. Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf etdirilib. Azərbaycan bir neçə  beynəlxalq təşkilatların üzvüdür, bu təşkilatlarda Azərbaycan parlamentinin üzvləri çox fəal iştirak ediblər.

Sədr əlavə etdi ki, son hesabat dövründə 33 ölkəyə 90-dan çox parlament nümayəndə heyəti göndərilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə qəbul edilib. Deputatlar Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda parlament seçkilərini, eləcə də, Türkiyədə referendumu müşahidə ediblər. Milli Məclisin xətti ilə Bakıda dörd beynəlxalq təşkilatın tədbiri təşkil olunub.

Sonra Oqtay Əsədov 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verdi. Bildirdi ki, plana  20 məsələ daxil edilib. Deputatlardan Əli Məsimli, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Tahir Rzayev, Musa Quliyev, Qənirə Paşayeva, Astan Şahverdiyev, Aydın Mirzəzadə, Jalə Əliyeva, Musa Qasımlı, Xanhüseyn Kazımlı, eləcə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında fikir və təkliflərini səsləndirdilər.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə ölkədə maliyyə hesabatı verməyən siyasi partiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif etdi. Onun sözlərinə görə, bəzi partiyalar xaricdən qrantlar alır, amma heç bir maliyyə hesabatı vermirlər. Bir dəfə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etdik və orada partiyaların Mərkəzi Seçki Komissiyasına konkret hesabat verməli olduqları göstərildi. Amma indi MSK bildirir ki, bir qrup partiya maliyyə hesabatı versə də, digərləri bunu etmir. Ona görə bununla bağlı həmin qanuna yenə dəyişiklik edilməlidir ki, onlar maliyyə hesabatını versinlər. S.Novruzov beynəlxalq təşkilatların qərəzçilik etdiyini və bunun nəticəsində ölkəmizə qarşı ikili standartlar tətbiq olunduğunu da vurğuladı: “Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkilatların üzvüdür, lakin heç bir öhdəlik yerinə yetirmirlər. Belə olan halda, onlar haqqında heç bir tədbir görülmür. Son vaxtlar Avropa Şurasında istiqamət Azərbaycan və Türkiyəyə yönəlib. Bu da ölkəmizin düzgün, müstəqil siyasətinin bariz nümunəsidir”.

Oqtay Əsədov da bu məsələyə münasibət bildirdi. Qeyd etdi ki, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu günlərdə Azərbaycanda səfərdə oldu. Bildirdi ki, regiona səfəri çərçivəsində ancaq parlament və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək. O, Azərbaycandan sonra Ermənistana səfər etdi, orada Ermənistan rəhbərliyi və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirdi. “Bu, onun nə qədər saxtakar olduğunu, ikili standartlara xidmət etdiyini göstərir. Belə bir adamın tələsik belə vəzifəyə təyin edilməsinin özü də yanlışlıqdır” - deyə, Milli Məclisin Sədri əlavə etdi.

Sonra Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq qəbul edildi. İclasda Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsi də təsdiqləndi.

İclasda “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” 16 sentyabr 1996-cı il tarixli sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında, “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə”, “Azərbaycan Respublikası hökuməti ilə Monteneqro hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi barədə, “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası hökuməti ilə Cibuti Respublikası hökuməti arasında hava əlaqəsi haqqında” sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında” sazişin təsdiq edilməsi barədə, “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası hökuməti ilə Laos Xalq Demokratik Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası hökuməti ilə Kosta Rika Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihələri ayrılıqda səsə qoyularaq təsdiq edildi.

Günün ikinci yarısında öz işini davam etdirən Milli Məclisdə daha bir neçə vacib sənədlər müzakirəyə çıxarıldı. “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə  layihələrə texniki dəyişiklik edildi.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verən Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirdi ki, təklif edilən dəyişikliklər əsasən qanunun 4-cü maddəsinin (Hərbi qeydiyyatın təşkili) 2-ci bəndi ilə bağlıdır. Layihəyə əsasən, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndi ləğv edilir. Bunun əvəzinə, göstərilən müddət qüvvədə qalmaqla, qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

Bildirildi ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malikdir və burada xidmət edənlər sabiq xidmətçilərə çevriləndən sonra onlar barəsində qeydiyyatın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılması yolverilməz sayıldığı üçün bu təklif irəli sürülüb. Yəni, həmin şəxslərin vəzifələrini itirdikdən sonra belə məlumat daşıyıcısı olmalarını nəzərə alaraq, onların qeydiyyatı məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq. Bununla həmin şəxslərin məxfiliyi qorunub saxlanacaq. Sənəd səsə qoyularaq qəbul edildi.

“Polis haqqında” və “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihələr ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki,  ilk sənədə edilən dəyişikliklər daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə dəyişikliklər edilməsi ilə bağlı qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd edilən qanuna əsasən, Əsasnamənin müvafiq maddələrindən “ləyaqətsiz” sözü çıxarılır.

Digər sənədə əsasən, Azərbaycan polisinin yubiley medalı təsis ediləcək. Komitə sədri vurğuladı ki, Azərbaycanın orden və medalları sırasına belə bir medalın daxil edilməsi qürurvericidir.

Qanun layihələri səsə qoyularaq qəbul edildi.

İclasda həmçinin “Azərbaycan Mərkəzi Bankı haqqında”, “İnvestisiya fondları haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də redaktə xarakterli dəyişikliklər edildi.

Deputatlar həmçinin “Yol hərəkəti haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında”,  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə edilən texniki dəyişikliklərə müsbət münasibət bildirdilər.

İclasda müzakirəyə çıxarılan sonuncu məsələ - Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanuna Azərbaycan Respbulikası Prezidentinin etirazı haqqında Milli Məclisin qərarının layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, sentyabrın 20-də rəhbəri olduğu komitədə sözügedən sənədlə bağlı müzakirələr aparılıb və komitə belə qərara gəlib ki, qanunla bağlı Prezident İlham Əliyevin etirazı nəzərə alınmalı və qanunun məqsədəuyğun olmaması barədə təklif qəbul edilməlidir. Deputatlar müzakirəyə çıxarılan sənədlə bağlı Prezidentin etirazını məqsədəuyğun hesab etdilər. Bununla da Milli Məclisin payız sessiyasının ilk iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

“Azərbaycan”