Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qobustanda 100 yerlik uşaq bağçasının açılışı olub

02 Oktyabr 2017
Oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustanda yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, bu istiqamətdə çox mühüm sənədlər imzalayıb, layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Gələcəyimiz olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Bu tədbirlər müasir körpələr evi-uşaq bağçalarının tikintisini, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulmasını əhatə edir. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Qobustan şəhər 100 yerlik uşaq bağçasının inşası da bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu müəssisədəki otaqlarda balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, burada uşaqların asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətləri üçün də hərtərəfli şərait mövcuddur.

Məlumat verildi ki, Qobustan şəhər uşaq bağçasının binasında inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlə təchiz olunub. Bundan başqa, binada, həmçinin oyun zalı, 2 kompüter otağı, həkim otağı, mətbəx də var. Bir sözlə, bu cür müəssisələrin yaradılması dövlətimizin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür. Uşaq bağçasının həyətində abadlıq işləri aparılıb, balacaların əylənməsi üçün attraksionlar quraşdırılıb.