Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Serbiyanın qadın voleybolçuları Avropa çempionu adını qazanıblar

01 Oktyabr 2017
Azərbaycanın və Gürcüstanın birlikdə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının qızıl medallarına Serbiya voleybolçuları sahib olublar.

AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də Milli Gimnastika Arenasında keçirilən final qarşılaşmasında Niderland millisini 3:1 hesabı ilə məğlub edən Serbiya yığması Avropa çempionu olub.

Final qarşılaşmasının ilk seti Serbiya voleybolçularının 25:20 hesablı üstünlüyü ilə başa çatıb. Oyunun gərgin idman mübarizəsi şəraitində keçən ikinci setində Niderland millisinin inadlı müqavimətinə baxmayaraq, Serbiya kollektivi qalib gəlib – 25:22. Üçüncü set daha inamlı təsir bağışlayan Niderland millisinin üstünlüyü ilə başa çatıb – 18:25. Lakin dördüncü setdə Niderland yığmasına şans verməyən serbiyalı voleybolçular böyük hesabla üstün olub - 25:18

Beləliklə, baxımlı idman mübarizəsinin aparıldığı oyunda 3:1 hesabı ilə qalib gələn Serbiya yığma komandası ikiqat Avropa çempionu olublar.

Xatırladaq ki, üçüncü yer uğrunda görüşdə Türkiyə yığma komandası Azərbaycan millisinə qalib gəlib – 3:1.

Beləliklə, Azərbaycan milli komandası Avropa çempionatını dördüncü sırada başa vurub.

Final qarşılaşmasından sonra çempionatın ən yaxşı idmançıları mükafatlandırılıb. Azərbaycan milli komandasının üzvü, libero Valeriya Məmmədova da mükafata layiq görülüb.

Daha sonra qalib komandalara medallar təqdim olunub.

Avropa çempionu olan Serbiya yığmasına turnirin kuboku təqdim edilib və bu ölkənin dövlət himni səsləndirilib.

Qeyd edək ki, sentyabrın 22-də start götürən çempionatın final mərhələsində 16 komanda dörd qrupda mübarizə aparıb. “A” qrupunda Azərbaycan, Almaniya, Polşa və Macarıstan yığma komandaları yer alıblar. Çempionata ev sahibliyi edən digər ölkənin - Gürcüstanın yığma komandası İtaliya, Xorvatiya və Belarus milliləri ilə birlikdə “B” qrupunda yarışıblar. “C” qrupunda Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna yığmaları qrupdan çıxmaq uğrunda mübarzə aparıblar. “D” qrupunda isə Serbiya, Niderland, Belçika və Çexiya yığma komandaları qərarlaşıblar.

“A” və “C” qruplarının qarşılaşmaları Bakıdakı Milli Gimnastika Arenasında keçirilib. “B” qrupunun görüşləri Tbilisidə, “D” qrupunun matçları isə Göygöl Olimpiya İdman Kompleksində oynanılıb.

 

***

 

Tədbirdə Avropa çempionatının finalçıları Serbiya millisinin, həmçinin ikinci yeri tutan Niderland və üçüncü olan Türkiyə yığmalarının üzvləri mükafatlandırılıb.

Mərasimdə əvvəlcə turnirin ən yaxşı voleybolçuları təltif edilib. Serbiya voleybol komandasının oyunçusu Brankiça Mihayloviç və Niderland yığmasının üzvü Anne Bujisə “Ən yaxşı hücumçu”, Türkiyə voleybolçusu Eda Erdem Dündara “Ən yaxşı orta blokçu” mükafatları təqdim olunub. Bundan başqa, Serbiya millisinin voleybolçuları Stefana Velkoviç “Ən yaxşı blok oyunçu”, Tiyana Boşkoviç “Ən dəyərli oyunçu”, Niderland millisinin üzvləri Lonneke Sloejes “Ən yaxşı diaqonal oyunçu”, Laura Dijkem “Ən yaxşı toppaylayıcı”, Azərbaycan millisinin üzvü Valeriya Məmmədova isə “Ən yaxşı libero” elan olunub və xüsusi mükafatlarla təltif ediliblər.

Sonra qalib komandaların üzvlərinə medallar təqdim olunub.

Üçüncü yerdə qərarlaşmış Türkiyə millisinin üzvlərinə bürünc medalları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Elşən Əfəndiyev təqdim ediblər.

İkinci yerdə qərarlaşmış Niderland millisinin voleybolçularına gümüş medalları Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Özkan Mutlugil və Gürcüstan Voleybol Federasiyasının prezidenti İrali Çaçua veriblər.

Avropa çempionatının qalibləri Serbiya millisinə qızıl medallar Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tərəfindən təqdim olunub.

Aleksandar Boriçiç və Azad Rəhimov Serbiya millisinin kapitanı Melisa Rasiçə çempionluq kubokunu təqdim ediblər.

Çempion komandanın şərəfinə Serbiyanın dövlət himni səsləndirilib və bayrağı qaldırılıb.

Beləliklə, sentyabrın 22-də 16 komandanın iştirakı ilə start götürən Avropa çempionatı Serbiya millisinin qələbəsi ilə başa çatıb.

Növbəti Avropa çempionatı 2019-cu ildə Çexiya, Macarıstan, Polşa və Türkiyənin ev sahibliyi ilə keçiriləcək. Həmin çempionatda 24 komanda medallar uğrunda mübarizə aparacaq.