Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sürətli inkişafa yol açan aydın və düşünülmüş strategiya

01 Oktyabr 2017
 

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirələr hər bir sahədə yüksəlişə nail olmaq üçün konkret hədəflərin olduğunu göstərir

 

İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərəçarpacaq dərəcədə artıb. Ötən ilin əvvəllərindən iqtisadiyyatda başladılan yeni islahatlar da əsasən qeyri-neft sektorunu əhatə etdi.

 

Qlobal böhran şəraitində yüksəlişə yol açan yeni islahatlar

 

Hər bir sahədə inkişafı dövrün tələblərinə uyğunlaşdırmaq üçün islahatlara ehtiyac duyulur. Vaxtilə məhz ulu öndər Heydər Əliyevin həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərliyindən sonra başlatdığı islahatların nəticələri təsdiq edir ki, tərəqqiyə nail olmaq üçün mütləq dəyişikliklər lazımdır. Sonrakı illərdə Prezident İlham Əliyevin başlatdığı yeni islahatların nəticəsində Azərbaycanda bütün sahələrdə dinamik yüksəlişə nail olundu, o cümlədən iqtisadi keçid dövrü başa çatdı.
2014-2015-ci illərdə dünyada baş verən iqtisadi proseslər ölkəmizdə də iqtisadiyyatın rəqabət qabiliyyətini daha artırmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının yeni mərhələdə inkişafını təmin etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edirdi. Çünki Azərbaycan dünya birliyinə, beynəlxalq iqtisadi sistemə geniş inteqrasiya etdiyindən qlobal miqyasda baş verən proseslərin ortaya qoyduğu reallıqları bölüşən iştirakçısına çevrilib. Ona görə bu reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən yeni iqtisadi təlatümlər və çağırışlar ölkəmizdən də yan keçmirdi. Lakin qlobal neqativ proseslərdən qaynaqlanan amillərin təsirinə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti, əsası qoyulan yeni islahatlar Azərbaycanın bu iqtisadi təbəddülatlardan minimum itki ilə çıxmasını təmin etdi.
İslahatların ilkin işartıları bu ilin ilk aylarından özünü göstərməyə başlayıb. Ümumiyyətlə isə il ərzində qəbul edilən müvafiq sənədlərlə yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirələr də Azərbaycan dövlətinin qeyri-neft sektorunun inkişafı ilə bağlı aydın və dəqiq strategiyasının olduğunu, islahatların kompleks şəkildə reallaşdırıldığını göstərir.

 

Əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır

 

Son illərdə dünya iqtisadiyyatında baş verən neqativ proseslərdən qaynaqlanan amillərin, xüsusilə Azərbaycanın ənənəvi əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması, yeni bazarlara çıxışının təmin olunmasıdır.
Ölkə rəhbərinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli fərmanı və digər hüquqi sənədlər göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayır. Sərəncamlara əsasən qeyri-neft sektorunda istehsalın və ixracın stimullaşdırılması üçün mühüm tədbirlər həyata keçirildi, iş adamlarına vergi və gömrük güzəştləri tətbiq olundu. Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması üçün ixrac missiyalarının həyata keçirilməsinə başlanıldı. Son nəticədə bütün bunlar qeyri-neft sektorunun inkişafına və qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə edilməsinə yol açdı. Prezident İlham Əliyevin təsdiqlədiyi strateji yol xəritələri də demək olar ki, qeyri-neft sektorunun inkişafı məqsədinə xidmət edir.
Bu il aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi göstərdi ki, dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə aparılan islahatların əsas məqsədi məhz qeyri-neft sektorunun inkişafıdır. Həmin müşavirədə yekun nitqində Prezident İlham Əliyev demişdi: “Əminəm ki, bugünkü müşavirədən sonra ixrac potensialımız daha da artacaq və biz daxili tələbatı daha çox yerli məhsullarla təmin edəcəyik. Əminəm ki, 2017-ci ilə yekun vurarkən biz yaxşı dinamikanı görəcəyik. Əlbəttə, qeyd etdiyim kimi, ixracı artırmaq üçün, ilk növbədə, daxili tələbat tam ödənilməlidir - həm ərzaq məhsulları, həm də inşaat materialları ilə. Bu istiqamətdə konkret addımlar atılır və atılacaqdır. Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir”.
Statistik rəqəmlər də göstərir ki, qısa müddət ərzində islahatların mühüm istiqamətlərindən olaraq respublikamızda məhsul istehsalı çoxalıb. Bunun nəticəsi olaraq xarici dövlətlərə ixracat da yüksəlib, məhsulların keyfiyyəti də. Bu gün “Made in Azerbaijan” brendi ilə Azərbaycan məhsulları Avropadan Çinə qədər ixrac olunur. Hətta bəzi yerli şirkətlərin məhsulları uzaq ABŞ bazarlarında özünə alıcı tapır. Xatırladaq ki, 2017-ci ilin 7 ayı ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac edilib. Təbii ki, avqust və sentyabr aylarının göstəriciləri daha yüksəkdir.

 

“Ağ qızıl” tarixi şöhrətini özünə qaytarır

 

Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib.
Görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb.
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın, fındıqçılığın, şəkər çuğundurunun, heyvandarlığın, bitkiçiliyin, ipəkçiliyin inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində hüquqi aktlar, fərman və sərəncamlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə də ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı ilə bağlı keçirilən müşavirələr onu göstərir ki, aqrar sektorun inkişafına dövlət dəstəyi bundan sonra daha geniş miqyasda davam etdiriləcək. Ən əsası bu müşavirələr ölkəmizə valyuta gətirə bilən hər bir sahədə artıma nail olunmasının diqqət mərkəzinə çəkildiyindən xəbər verir
Bu il ərzində aqrar sahə ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə ilk respublika müşavirəsi Saatlıda pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuşdu. Azərbaycanın mövcud imkanları ölkədə pambığın əvvəlki şöhrətini qaytarmasının mümkün olduğunu göstərir. Birincisi, təbiətimiz bu gün də imkan verir ki, pambıqçılıq sahəsini dirçəldək.
Çünki pambıq üçün gərək yaxşı aran torpaqları və günəş enerjisi olsun ki, bunlar da Azərbaycanda var. Ən əsası isə son illərdə Azərbaycanda yeni su mənbələri yaradılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında pambıqçılığın inkişafına toxunmuş, qarşıya vəzifələr qoymuşdu. Bunun nəticəsi olaraq 2016-cı ildə 2015-ci illə müqayisədə təxminən 3 dəfə çox, yəni 52 min hektar sahədə pambıq əkilmişdi. Dövlət başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” sərəncamı da bu sahənin inkişafında mühüm stimul oldu. Pambıqçılığın inkişafına yüksək diqqətin bariz nümunəsi kimi isə bu ilin iyulunda Prezident İlham Əliyev “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etməsini göstərmək olar.
Dövlət proqramının həyata keçirilməsi Azərbaycanda pambıqçılıq ənənələrinin bərpa olunmasına, pambıq emalı məhsulları üzrə idxaldan asılılığın azaldılmasına, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaradacaq. Eyni zamanda, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaq. Proqramın icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.

 

Torpaq-iqlim şəraiti keyfiyyətli tütün, fındıq və barama istehsalına imkan verir

 

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən digər respublika müşavirəsi barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə həsr olunmuşdu. Qax rayonunda keçirilən müşavirədə ölkəmizin şimal-qərb bölgəsinə xas olan bu ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı hədəflər, qarşıda duran vəzifələr müəyyən olundu. Ölkəmizin bu bölgəsinin torpaq-iqlim şəraiti beynəlxalq standartlara cavab verən keyfiyyətli tütün və fındıq istehsalına, həmçinin barama yetişdirilməsinə imkan verir.
Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştlər və subsidiyalar, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək, torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə tütünçülüyün inkişafına təkan verib. Bununla yanaşı, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamına əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya müəyyən edilib. Bu ilin avqustunda isə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Proqramın həyata keçirilməsi Azərbaycanda tütünçülük ənənələrinin bərpa olunmasına, tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, tütün və tütün məmulatı məhsullarının ixracının və tütünçülüklə bağlı digər sahələrin inkişafına mühüm töhfə verəcək.
Baramaçılıq və fındıqçılığa gəldikdə isə 16 noyabr 2016-cı il tarixdə Prezident İlham Əliyev “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına barama toxumlarının alınmasına 163 min manat, tut tinglərinin alınmasına 600 min manat, fındıq pöhrələrinin alınmasına 700 min manat ödənilib. Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi tədarük olunan barama toxumlarının, tut tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etməlidir.

 

Ölkəmizdə çayçılıq, çəltikçilik və sitrus meyvələri istehsalının ənənələri var

 

Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən olan çayçılıq, çəltik və sitrus meyvələri istehsalına da diqqət artıb. Azərbaycanda bu kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının ödənilməsi imkanları, həmçinin hazırlanmış son məhsullar üzrə ixrac potensialının olması çayçılıq, çəltik və sitrus meyvələri istehsalının daha da inkişaf etdirilməsini zərurətə çevirir. Torpaqların mövcud vəziyyəti, təbii iqlim şəraiti, su ehtiyatları, əmək resursları və aqrotexniki servis xidmətinin səviyyəsi bölgələrdə keyfiyyətli çay və çəltik istehsalına, sitrus meyvələrin yetişdirilməsinə imkan verir.
Sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən respublika müşavirəsi çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr olunmuşdu. Müşavirədə ölkə rəhbəri dövlətin bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyduğunu bəyan etdi: “Azərbaycanda bu sahələrin böyük ənənələri var. Eyni zamanda, cənub zonasının ənənəvi kənd təsərrüfatı məhsulu sitrus meyvələridir. Son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Əminəm ki, bugünkü müşavirədən sonra bu üç önəmli sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyur”.
Azərbaycanda kənd təsərrüfatı istehsalının müxtəlif sahələri ilə bağlı zəngin tarixi ənənələr var. Hansı ki, bu sahələrdən əldə olunan istehsal ölkəmizə xeyli gəlir gətirə bilər. Ona görə də son illərdə Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı müşavirələrin keçirilməsi təsadüfi deyil. Bu müşavirələrin xüsusən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına həsr olunması artıq canlanmaya gətirib çıxarıb. Lənkəranda keçirilən müşavirədə qarşıya qoyulan əsas vəzifələrdən biri də aqrar sferada ənənəvi sahələrin dirçəldilməsi prosesinin növbəti illərdə daha da sürətlə aparılmasıdır. Bu vəzifənin uğurla icrası isə hazırkı gərgin qlobal iqtisadi proseslər fonunda iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsinə, idxaldan asılılığın azaldılmasına, qeyri-neft bölməsində ixracyönümlülüyün genişləndirilməsinə mühüm töhfələr verəcək.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”