Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Neftçi” və “Kəpəz” klubları cari mövsümdə Azərbaycan çempionatında ilk qələbələrini qazanıblar

29 Sentyabr 2017
Sentyabrın 29-da futbol üzrə Azərbaycan çempionatında altıncı tura start verilib.

AZƏRTAC xəbər verir ki, turun ilk oyununda “İnter” komandası “Neftçi”ni qəbul edib.

“İnter Arena”da keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2. Görüşün 60-cı dəqiqəsində Derlis Meza Kolli hesabı açıb. Matçın 72-ci dəqiqəsində isə Rəhman Hacıyev fərqlənib. Bununla da cari mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını dördə çatdırıb və yeddinci pillədə möhkəmlənib.

Daha bir oyun “Qəbələ” və “Kəpəz” komandaları arasında oynanılıb. Qəbələ şəhər stadionundakı keçirilən qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:2. Qolları 48-ci dəqiqədə Kərim Diniyev və 58-ci dəqiqədə İlkin Sadıqov ev sahiblərinin qapısından keçiriblər. Bu, “Kəpəz”in cari mövsümdə ilk qələbəsi olub. Hazırda aktivində dörd xalı olan Gəncə təmsilçisi sonuncu pillədə qalıb.

Tur çərçivəsində sentyabrın 30-da “Səbail” komandası “Dalğa Arena”da “Sumqayıt”ı, oktyabrın 1-də Ağdamın “Qarabağ” klubu isə Tofiq Bəhramov adına Respublika stadionunda “Zirə”ni qəbul edəcək.