Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan xalqının fəxri, görkəmli alim Lütfi Zadə son mənzilə yola salınıb

29 Sentyabr 2017
Azərbaycan xalqının fəxri, qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elminə misilsiz töhfə vermiş görkəmli alim Lütfi Zadə son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında Lütfi Zadə ilə vida mərasimi keçirilib.

Mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Lütfi Zadəni məşhurlaşdıran onun qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar nəzəriyyəsidir. Bu və digər elmi nəzəriyyələrlə o, dünya elminə böyük töhfələr verib. Bir çox məşhur şirkətlər Lütfi Zadənin nəzəriyyələrinin tətbiqi sayəsində praktiki səmərə əldə ediblər. Onun tədqiqat və tapıntıları dünya elminin müxtəlif istiqamətlərinin - riyaziyyat, kibernetika, informatika və yüksək texnologiyaların inkişafına güclü təkan verib.

“Lütfi Zadə ömrünü ABŞ-la bağlasa da, doğma Vətənini unutmayıb. Azərbaycanın uğurları onu həmişə sevindirib. O, 1965-ci ildə Bakıya gələrkən alimlərlə görüşüb, tövsiyələrini verib. Bundan sonra Azərbaycan elmində də qeyri-səlis məntiq istiqamətləri inkişaf edib. Alim sonuncu dəfə Bakıya 2008-ci ildə Azərbaycan dövlətinin dəvəti ilə gəlmişdi. Lütfi Zadə gündən-günə firavanlaşan, gözəlləşən Vətəni ilə fəxr edir, onun uğurlarına qəlbən sevinirdi. O, böyük elmi məktəb yaradıb. Azərbaycan dövləti Lütfi Zadənin fəaliyyətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən görkəmli alim “Dostluq” ordeni ilə təltif edilib. Lütfi Zadə, həmçinin 2016-cı ildə AMEA-nın ümumi yığıncağında Nizami Gəncəvi adına qızıl medala layiq görülüb”, - deyə A.Əlizadə bildirb.

AMEA-prezidenti vurğulayıb ki, dünya şöhrətli alimin vəfatı dünya elmi ictimaiyyətini, bütün Azərbaycan xalqını kədərləndirir.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov vurğulayıb ki, Lütfi Zadə vətəni Azərbaycanla qürur duyduğu kimi, Azərbaycan da görkəmli alimin fəaliyyəti, yaradıcılığı, həyat yolu ilə qürur duyurdu. Onun nəzəriyyələri bəşəriyyətin inkişafına yol açıb, texnoloji inqilablara səbəb olub. Lütfi Zadə Nizami, Nəsrəddin Tusi, Şəms Təbrizi, Memar Əcəmi, Yusif Məmmədəliyev və Azad Mirzəcanzadə kimi şəxsiyyətlərlə yanaşı, öz adını Azərbaycan elminin tarixinə həkk edib. Lütfi Zadə həyatı boyu elm və bilik məşəlini ləyaqətlə daşıyıb. Bu məşəlin işığından Azrbaycana da pay düşür. Ölkəmizin məktəb və universitetlərində, elmi-tədqiqat laboratoriyalarında yeni alimlər nəsli yetişməkdədir. Dövlətimizin başçısı İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində bu gün Azərbaycanda elm və təhsil sürətlə inkişaf etməkdədir. Bu, gələcək nailiyyətlərin təməlidir. Azərbaycan xalqı təhsilin dəyərini yaxşı dərk edir.

Təhsil naziri deyib: “Lütfi Zadə xoşbəxt insan olub, çünki o, elmdə böyük bir iz qoyub. Həm də ona görə xoşbəxt idi ki, yaşadığı dövrdə vətəni Azərbaycanın çiçəklənməsini görüb. Qeyri-səlis məntiq nəzəriyyəsinin atası hesab edilən Lütfi Zadə həyatının sonunda səlis qərar verdi: əbədiyyətə öz Vətənində, Azərbaycanda qovuşsun”.

Lütfi Zadənin vəfatının Azərbaycan üçün böyük itki olduğunu vurğulayan AMEA-nın həqiqi üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev alimin elmə verdiyi töhfələrdən danışıb. Bildirib ki, altı fundamental nəzəriyyənin müəllifi olan Lütfi Zadənin kəşfləri elmin informatika, idarəetmə, kibernetika sahələrində əsl inqilab yaradıb. Həmin nəzəriyyələr sayəsində intellektual texnologiyalar, sistemlər sahəsi sürətlə inkişaf edib. Bu isə öz növbəsində digər elmlərə təsir edərək sənayedə, iqtisadiyyatın müxtəlif sahələrində, hətta bank sistemində yeniliklərə səbəb olub. Tam məsuliyyətlə demək olar ki, bu gün inkişaf etmiş ölkələrdə energetika, rabitə, nəqliyyat, aviasiya, bank sistemləri Lütfi Zadənin nəzəriyyələri əsasında işləyir. Bu gün məişət texnikalarının, hərbi texnikaların hamısı intellektuallaşdırılıb və Lütfi Zadənin nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyə sayəsində cəmiyyətdə insanın həyatı asanlaşıb.

T.Əliyev, həmçinin görkəmli alimlə bağlı xatirələrini bölüşüb.

Mərasimdə çıxış edən AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, Lütfi Zadənin elmi fəaliyyətini iki mərhələyə bölmək olar. Birinci mərhələ sərt məntiqə, klassik riyaziyyata əsaslanan tədqiqatlardır. Bunlara avtomatik idarəetmə nəzəriyyəsi, identifikasiya sistemlərinin analizi və sintezi, filtrasiya problemləri və s. daxildir. İkinci mərhələ isə 1965-ci ildən qeyri-səlis çoxluqlar nəzəriyyəsi ilə başlayır. O, Aristotel, Binar məntiqlərini əhatə edərək ortaya ümumiləşmiş nəzəriyyə çıxardı və təbii intellektə ən yaxın qeyri-səlis riyazi aparatı təklif etdi. Alim 1965-ci ildən başlayaraq bir-biri ilə məntiqi əlaqəli olan, bir-birini inkişaf etdirən, mükəmməlləşdirən nəzəriyyələr sistemi, başqa sözlə, Lütfi Zadə təlimi ortaya qoydu. Bu təlim klassik riyaziyyatın tətbiqi ilə meydana çıxan süni intellekt nəzəriyyəsini inkişaf etdirdi. Süni intellekt nəzəriyyəsinə aid ilk elmi əsər də Lütfi Zadə tərəfindən 1950-ci ildə Kolumbiya Universitetində çap olunub. O dövrdə ABŞ kütləvi informasiya vasitələrində bu barədə fantastik məqalələr yayılırdı.

Bu gün intellektual idarəetmənin təməlində Lütfi Zadə nəzəriyyəsinin dayandığını deyən R.Əliquliyev vurğulayıb ki, görkəmli alimin nəzəriyyələri hələ bundan sonra da dərk olunmaqda davam edəcək. Bu nəzəriyyələr Azərbaycan alimləri qarşısında yeni vəzifələr qoyur. Onlar araşdırılmalı, elmin bütün sahələrində tətbiq edilməlidir.

AMEA-nın müxbir üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov çıxış edərək vurğulayıb ki, Lütfi Zadənin elmi əsərlərinə istinadların sayı 180 minə yaxındır. “Onun qeyri-səlis məntiqini obrazlı şəkildə belə ifadə etmək olar: əgər Aristotel məntiqi dünyanı yalnız ağ və qara rəngdə görürdüsə, Lütfi Zadə məntiqi dünyanı bütün çalarları ilə qavramağa imkan verir”, - deyə M.Mərdanov qeyd edib. Lütfi Zadənin qeyri-səlis məntiqindən əlavə beş fundamental elmi nəzəriyyəsi - “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” və “Soft kompüter nəzəriyyəsi” dünyanın böyük alimləri tərəfindən qəbul olunur.

Mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, Lütfi Zadə şəxsiyyətinin nailiyyətləri həm amerikalılar, həm də azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. “Birləşmiş Ştatların Azərbaycandakı səfiri kimi, sizinlə birgə Bakıda doktor Lütfi Zadənin uzun, məhsuldar və şərəfli karyerasını anmaq mənim üçün böyük şərəfdir. Azərbaycanın böyük oğlu Bakıda dünyaya gəlib, sonradan ölkəmizə immiqrasiya edərək diqqətəlayiq elmi fəaliyyəti ilə ABŞ və dünya elminə möhtəşəm töhfələr verib”, - deyə səfir vurğulayıb.

R.Sekuta bildirib ki, Berkli Universitetində öz zəngin təcrübəsindən bəhrələnən Lütfi Zadə qeyri-dəqiq məlumatlarla işləmək üçün bir çox elmi sahələrdə məsələlərin həllinə kömək edən qeyri-səlis məntiq sahəsində ciddi yeniliklərə imza atıb. Bu fəaliyyətinə görə professor Lütfi Zadə 50-dən çox elmi mükafata layiq görülüb. Onun nəzəriyyələri dünyanın ən üstün informatika proqramlarına təkan verib ki, bu da müasir həyatımıza müxtəlif yollarla müsbət təsir göstərib. R.Sekuta deyib: “Amerika xalqı Azərbaycan xalqı ilə birgə doktor Lütfi Zadənin vəfatına kədərlənir. Biz onun ruhunun əbədi dinclik tapması üçün sizinlə birgə dua edirik”.

Azərbaycanın Xalq Artisti, professor Cənnət Səlimova görkəmli alimin ailəsi adından çıxış edərək Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə dərin minnətdarlığını bildirib.

Mərasimə yekun vuran akademik A.Əlizadə bildirib ki, Lütfi Zadənin şəxsiyyəti, həyatı, fəaliyyəti hər bir insan üçün örnəkdir. Şübhəsiz ki, onun elmi ideyaları dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda olan davamçıları, alimlər tərəfindən layiqincə davam etdiriləcək. Lütfi Zadə intellekti bəşəriyyətin sosial tərəqqisinə gələcəkdə də böyük xidmətlər göstərəcək.

Lütfi Zadənin son arzusunun Vətənində dəfn edilmək olduğunu, dövlətimizin başçısının bu məsələyə böyük həssaslıqla yanaşdığını deyən akademik A.Əlizadə Prezident İlham Əliyevə bütün elmi ictimaiyyət adından təşəkkürünü bildirib.

Mərhumun ailə üzvləri və doğmaları onunla vidalaşıblar.

 

X X X

 

Görkəmli alim Lütfi Zadə birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət və hökumət rəsmiləri, elm xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından mərhumun məzarı önünə əklil qoyulub.

Böyük alim 87 illik ayrılıqdan sonra Vətən torpağına qovuşub.

 

X X X

 

Heydər Məscidində Lütfi Zadənin xatirəsinə ehsan verilib.

Ehsan mərasimində mərhumun ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.