Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimində iştirak edib

29 Sentyabr 2017
Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vida mərasimində iştirak edib.

Vida mərasimində görkəmli alimin həyatı və elmi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olundu.

ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfü Zadənin vəfatı, ümumilikdə, dünyanın elmi ictimaiyyəti üçün ağır itkidir.

Dövlətimizin başçısı mərhumun ailə üzvü ilə söhbət etdi, dərin hüznlə başsağlığı verdi.

Azərbaycan Respublikasının Xalq Artisti, professor Cənnət Səlimova Lütfi Zadənin xatirəsinə göstərilən ehtirama görə görkəmli alimin ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Lütfi Zadə həmişə azərbaycanlı olması ilə qürur duyub, onun ürəyi daim doğma yurdu ilə döyünüb. Dünya şöhrətli azərbaycanlı alim və böyük şəxsiyyət Lütfi Zadənin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.