Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan dünyada öncül yerdədir

29 Sentyabr 2017
 

Dünya İqtisadi Forumunun hesabatında ölkəmiz daha iki pillə irəliləyib

 

Dünyada maliyyə böhranlarının hələ də səngimədiyi müasir dövrdə Azərbaycan iqtisadiyyatı sabit şəkildə inkişaf edir. Bu da Azərbaycan dövlətinin apardığı tarazlı, uzaqgörən iqtisadi siyasətin nəticəsində mümkün olub. Həm də iqtisadi islahatlar davam edir. Dövlət iqtisadiyyatın yalnız neftdən asılı olmasının qarşısını vaxtında alaraq qeyri-neft sektorunun inkişafını prioritet elan etmişdir. Hazırda ölkədə qeyri-neft sektorunun özü də şaxələndirilir. Hər sahədə irəliləyişlər diqqəti çəkir.
Aqrar sektorda aparılan genişmiqyaslı işlər unudulmuş kənd təsərrüfatı sahələrinin dirçəldilməsini, ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, həm də ölkənin ixrac potensialını artırır, gəlirlərini çoxaldır. Bu, həm də əhalisinin yarıya qədəri bölgələrdə yaşayan ölkəmizdə məşğulluq probleminin uğurlu həllinə dəstəkdir. Prezident İlham Əliyevin son aylarda müxtəlif rayonlara səfərləri, keçirdiyi respublika müşavirələri də bu məqsədə xidmət edir. İndi ölkədə pambıqçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, çayçılıq, çəltikçilik və s. inkişaf etdirilir. Demək olar ki, diqqətdən kənarda qalan sahə yoxdur.
Bu il sentyabrın 14-də Azərbaycanda dünyanın diqqətini çəkən daha da mühüm hadisə baş verdi. Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi imzalandı. “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı. Növbəti 32 il ərzində ölkəyə 40 milyard dollar sərmayə qoyuluşunu təmin edən “Yeni əsrin müqaviləsi”nə imza atıldı.
Bu hadisədən bir neçə gün əvvəl isə Bakı Gəmiqayırma Zavodunun istehsalı olan “Xankəndi” gəmisinin istifadəyə verilməsi qeyd edilmişdi. Bu, “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi olan Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağında növbəti 10 ildə işləyəcək ən müasir bir gəmidir. Yeri gəlmişkən qeyd edək ki. Azərbaycan indi Avropanın enerji xəritəsini dəyişdirəcək nəhəng “Cənub qaz dəhlizi” layihəsini müvəffəqiyyətlə reallaşdırır.
Azərbaycanın istər qeyri-neft, istər neft-qaz sektorunda həyata keçirdiyi böyük işlərini, istərsə də sosial sahədəki irəliləyişlərini bütün dünya görür və dəyərləndirir. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar da ölkəmizin müxtəlif sahələrdəki dayanıqlı inkişafını öz hesabatlarında qeyd edir və qiymətləndirirlər.
Elə Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması qürur doğuran bir xəbərdir. Bu o deməkdir ki, Azərbaycan dünyanın ən mötəbər reytinqində Yer üzünün hər dörd ölkəsindən üçünü geridə qoyub. MDB məkanında isə liderliyini qoruyub saxlayır. İqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə, Azərbaycan hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələrdən də irəlidədir. Xatırladaq ki, qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan isə 73-cü sırada dayanıb.
“2017-2018 Qlobal Rəqabətlilik Hesabatında” ölkəmizin mövqeyi 12 indikatordan doqquzu üzrə yaxşılaşıb. Belə ki, institutlar indikatorunda 15 pillə irəliləyərək 33-cü, infrastrukturda 4 pillə irəliləyərək 51-ci, səhiyyə və ibtidai təhsildə bir pillə qabağa çıxaraq 74-cü, ali təhsil və təlimdə 10 pillə irəli gələrək 68-ci yeri tutub. Azərbaycan eləcə də əmtəə bazarının səmərəliliyi indikatorunda 19 pillə, əmək bazarının səmərəliliyində 9 pillə, maliyyə bazarının inkişafında 18 pillə, biznesin mürəkkəbliyində 20 pillə, innovasiyada 11 pillə irəliləyib və müvafiq olaraq 31-ci, 17-ci, 79-cu, 40-cı və 33-cü yerləri tutub. Göründüyü kimi, ən böyük irəliləyiş biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə edilib, ölkəmiz bu kateqoriyada 20 pillə qabağa gəlib. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyişə nail olunub.
İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 43-cü yerdə qərarlaşıb ki, bu da 140 ölkə arasında nəzərəçarpacaq nailiyyətdir. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə ölkəmiz İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Bu göstəriciyə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Əmtəə bazarının səmərəliliyi indikatorunda isə ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə 31-ci yerdədir.
Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə mövqelərini gücləndirib və 33-cü pilləyə qalxıb. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə 14-cü yerdə qərarlaşıb, yəni Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələrdən irəlidədir.
Qeyd edək ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatların hesabatlarında ön yerləri tutması artıq ənənəvi hal alıb. Elə bu ilin əvvəlində İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun “İnklüziv Artım və İnkişaf” hesabatında Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında İDİ indeksinə görə Litva ilə eyni - 4,73 bal toplayaraq ilk iki sıranı bölüşmüşdü. İDİ indeksi ölkələr üzrə əsas iqtisadi göstəricilərin məcmusundan hazırlanır. Bu, yeni qlobal iqtisadi indeks ölkələrin iqtisadi inkişafına daha kompleks qiymət verir.
Həmin hesabatda Azərbaycanın İDİ indeksi renkinqi adambaşına ÜDM artımı renkinqi ilə də müqayisə olunub. Azərbaycan İDİ-ÜDM (adambaşına) renkinq əmsalı (22) ilə ən yüksək ölkələr arasında yer alıb. Bu əmsalın yüksək olması Azərbaycanda iqtisadi inkişaf modelinin daha çox balanslaşdırıldığını və geniş kütləni əhatə etdiyini göstərir.
Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı işlər həm reytinqlərdə, həm də həyatın özündə əyani görünür. Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş dövlət proqramları çərçivəsində Azərbaycanın təkcə şəhərlərinin deyil, bölgələrinin də başdan-başa müsbət halda tanınmaz olması buna əyani misaldır. Ölkədə 3 mindən çox məktəb və 600-dən çox xəstəxana binasının tikilməsi, 11 min kilometrdən çox yolların çəkilməsi, onlarca elektrik stansiyasının istifadəyə verilməsi, qazlaşmanın 93 faizi ötməsi və daha neçə-neçə real fakt görülən işlərin təcəssümüdür. Bütün bunlar həm də minlərlə yeni iş yerinin açılması deməkdir. İş yeri isə insanın dolanışığını, güzəranını təmin edir.
Beynəlxalq təşkilatlar da məhz bu və digər nailiyyətlərimizi qiymətləndirirlər. Başqa sözlə, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi Prezident İlham Əliyevin apardığı kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

Flora SADIQLI,
“Azərbaycan”