Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Son arzusu vətəninə qovuşmaq idi

29 Sentyabr 2017
 

Lütfi Zadəni bütün dünyada tanıdan qeyri-səlis məntiq nəzəriyyəsi elmdə də, insanın həyata fəlsəfi baxışında da çox böyük inqilab oldu. O, təkcə misilsiz alim deyil, həm də böyük şəxsiyyət, Azərbaycanı çox sevən, azərbaycanlı, bakılı olması ilə fəxr edən vətənpərvər idi. Şöhrətin zirvəsində dayanan Lütfi Zadə uzun illər uzaqlarda yaşasa da, vətənini unutmur, Azərbaycanla daim maraqlanırdı.

Bakı dünya şöhrətli alim üçün ən xoş, kövrək xatirələrinin ünvanı idi. Lütfi Zadə - Lütfəli Rəhim oglu Ələsgərzadə 1921-ci il 4 fevralda bu şəhərdə, jurnalist-psixoloq ailəsində dünyaya göz açdı. İlk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başladı. Ömrünün dörd ili həmin təhsil ocağı ilə bağlı oldu.
1931-ci ildə ailəsi İrana köçmək məcburiyyətində qaldı. Orada ingilis təmayüllü məktəbdə oxudu, sonra Tehran Universitetinin mühəndis-elektrik fakültəsinə daxil oldu. 1942-ci ildə həmin universitetdə təhsilini uğurla başa vurdu. 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına yollandı. 1946-cı ildə Massaçuset Texnologiya İnstitutunu bitirdi, 1949-cu ildə Nyu Yorkdakı Kolumbiya Universitetində doktorluq elmi dərəcəsini aldı. Kaliforniya Elmi mərkəzinin sədri olan Norbert Viner 1957-ci ildə Lütfi Zadəyə məktub yazaraq onu Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət etdi. 1959-cu ildə ailəsi ilə birlikdə Berkli şəhərinə köçdü və Berkli Universitetində elektrik mühəndisliyi fakültəsində işə başladı. 1963-cü ildən həmin fakültəyə rəhbərlik etdi və sonra kompüter elmləri ixtisasını açaraq fakültənin adını dəyişdirdi, Elekrtik mühəndisliyi və kompüter elmləri fakültəsi adlandırdı. Berkli Universiteti, Elekrtik mühəndisliyi və kompüter elmləri fakültəsi onun alim kimi yetişib formalaşmasında və inkişafında böyük rol oynadı.
Fitri istedadla zəhmətin bəhrəsi olan hər bir əsəri ona hörmət, nüfuz qazandırırdı. Lütfi Zadə “Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı” (1949), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi” (1950), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Z-çevirmə üsulunun yaradılması” (1952), “Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması” (1953), “Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması” (1956), Ç.A.Desoir ilə birlikdə yazdığı “Xətti sistemlərin təhlili üçün vəziyyət fəzası” (1963), R.E.Belman ilə birlikdə yazdığı “Qeyri-səlislik şəraitində qərar qəbul etmək” (1970), “Linqvistik dəyişən və qeyri-səlis “əgər-onda” qaydalarının konsepsiyası” (1973), “Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi” (1978), “Təxmini mühakimə nəzəriyyəsi” (1979), “Sağlam düşüncəyə əsaslanan mühakimə nəzəriyyəsi” (1985), “Dispozisiya məntiqi” (1988), “Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft computing nəzəriyyəsi” (1991), “Sözlə işləyən kompüterlər nəzəriyyəsi” (1996), “Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi” (1997), “Təəssürat nəzəriyyəsi” (1998) kimi əsərləri ilə dünya elminin inkişafında mühüm rol oynadı.
1965-ci ildən dünyanın bütün aparıcı firmalarında onun nəzəriyyələri tətbiq olunmağa başladı. Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görüldü. Həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, Koreya Elm və Texnoloji Akademiyasının, Bolqarıstan Elmlər Akademiyasının, Polşa Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri xarici akademiki seçildi.
O, 200-dən cox elmi məqalənin tək müəllifi, 70-dən cox elmi jurnalın redaksiya heyətinin üzvü oldu. Elmi tədqiqatları bir neçə nüfuzlu şirkət və Azərbaycanın Rabitə və İnformasiya Nazirliyi tərəfindən dəstəkləndi.
İllərin ayrılığından sonra, 1965-ci ildə Bakıya ilk dəfə səfər etdi. Bura Qara dənizdə Odessa-Batumi istiqamətində üzən “Admiral Naximov” teploxodunda avtomatik idarəetmə problemlerinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra gəldi.
Doğma şəhəri ilə növbəti görüşü 43 ildən sonraya qaldı. 2008-ci il noyabrın 9-11-də Lütfi Zadə “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak etmək üçün Bakıya səfər etdi. Burada yenə özünə qarşı sonsuz hörmət, rəğbət gördü. Səfər zamanı o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də qəbul edildi.
Səfər proqramı geniş olsa da, Bakını gəzə bildi. Onun xəyallarının, xatirələrinin şəhəri çox dəyişmiş, daha da gözəlləşmişdi. Ən gözəl, unudulmaz xatirələrindən biri də illər sonra doğma məktəbinə - Bakıda yerləşən 16 saylı məktəbə getməsi oldu.
Dünya elminə böyük xidmətlər göstərmiş alim Azərbaycan Prezidentinin 4 fevral 2011-ci il tarixli sərəncamına əsasən, Elm və texnologiyaların inkişafına verdiyi töhfələrinə və mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildi. Həmin ildən Lütfi Zadənin elminə həsr olunmuş konfranslar keçirilməyə başlandı.
23-26 may 2011-ci ildə ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində azərbaycanlı alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş I Soft Computing üzrə Ümumdünya Konfransı keçirildi. II Soft Computing üzrə Ümumdünya Konfransı 3-5 mart 2012-ci il tarixdə Bakıda, III Soft Computing üzrə Ümumdünya Konfransı 16-18 noyabr 2013-cü il tarixdə Texas ştatının San Antonio şəhərində, IV Soft Computing üzrə Ümumdünya Konfransı 24-26 may 2014-cü il tarixdə Kaliforniya ştatının Berkli Universitetində, V Soft Computing üzrə Ümümdünya Konfransı 16-18 avqust 2015-ci il tarixdə Vaşinqton ştatının Redmond şəhərində, VI Soft Computing üzrə Ümumdünya Konfransı 26-28 may 2016-cı il tarixdə Kaliforniya ştatının Berkli Universitetində təşkil olundu. Növbəti VII Soft Computing üzrə Ümumdünya Konfransının isə Azərbaycanda, 28-31 may 2018-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Milli Elmlər Akademiyası alimi anadan olmasının 95 illiyi münasibətilə Nizami Gəncəvi qızıl medalı ilə təltif etdi. Təqdimetmə mərasimi 2016-cı ilin 7 sentyabrında Berklidə Elektrik mühəndisliyi və kompüter elmləri fakültəsi və Azərbaycan Respublikasının Los Ancelesdə yerləşən baş konsulluğunun birgə təşkilatçılığı ilə həyata keçirildi.
Elə insanlar var ki, onlara uzun illər yaşamaq nəsib olur. Ancaq o ömrün çərçivəsində gördükləri işləri yazmaq üçün bir-iki vərəq kifayət edir. Lütfi Zadənin həyatı isə elə zəngindir ki, danışanda heyrətlənməyə bilmirsən. İstər-istəməz düşünürsən ki, bir insan ömrünə bu qədər çox və əzəmətli işləri sığışdırmaq üçün Lütfi Zadə olmaq gərəkdir.
Son illər onun səhhətində yaranan problemlər hamımızı narahat edirdi. Ancaq ömrünün yüzünə az qalmış alimi nə yaşının çoxluğu, nə də sağlamlığını itirməsi ruhdan salırdı. O, güclü iradəyə malik, qətiyyətli insan idi. Hər gün elmi işlə məşgul olur, ona gələn e-mail-ləri cavablandırmaga çalışırdı. Amma nə qədər kədərli olsa da, özünü də, bizi də əbədi ayrılığına hazırlayırdı.
Sentyabrın 5-də Lütfi Zadə artıq danışmadı. Səhəri gün - sentyabrın 6-da, Kaliforniya vaxtilə saat 07:30 radələrində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 97 yaşında rahat və ağrısız bu dünya ilə vidalaşdı. O, müsəlman qaydası ilə, cənazə namazı qılınmaqla dəfn olunmaq arzusunda idi.
Berkli Universitetinin rəsmiləri ilə elə həmin gün görüşüb onları məlumatlandırdım. Sentyabrın 8-də universitetdə Lütfi Zadənin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə fakültənin dekanı professor S.Shankar Sastry, kafedra müdirləri, professorlar James Demmel və Stuart Russell, Lütfi Zadənin oğlu Norman Zadə və universitet alimləri, eləcə də digər ali məktəblərdən gələn elm xadimləri çıxış edərək şöhrətli alim haqqında xatirələrini söylədilər.
Kaliforniyada yerləşən Azərbaycan icması da sentyabrın 9-da Lütfi Zadənin xatirəsinə həsr edilmiş tədbir keçirdi. Tədbirdə Azərbaycan icmasının prezidenti Vüsal Əzizəliyev, mən və digər icma üzvləri çıxış etdik. Böyük alimin ruhuna dualar oxundu və Azərbaycan icması tərəfindən ehsan verildi.
Lütfi Zadə dünya elmində o qədər böyük işlər başladı ki, onları sona çatdırmağa şübhəsiz bir insan ömrü yetməzdi. O, böyük məktəb yaratdı, geniş bir yol açdı. Özü də əmin idi ki, davamçıları görkəmli alimin arzularını həyata keçirmək üçün əllərindən gələni əsirgəməyəcəklər.
Əsl insan, bənzərsiz alim ömrü yaşayan Lütfi Zadənin son mənzili Azərbaycan olacaq. Onun bundan sonrakı ünvanı bəllidir. Sevənlərinin qəlbində, onun elmi istiqaməti, nəzəriyyələri, tətbiq sahələri ilə işləyən və gələcəkdə işləyəcək alimlərin fəaliyyətində Lütfi Zadə ömrü davam edəcək. Onun nəzəriyyəsi dünya alimləri tərəfindən tam araşdırılmamışdır və hələ araşdırılmaqda davam edir.

Şahnaz ŞAHBAZOVA,
AzTU-nun professoru, texnika elmləri doktoru, Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti