Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biz də dəstək olaq

29 Sentyabr 2017
 

Televiziyalarda uşaq və yeniyetmələr, gənclər arasında müxtəlif mövzuda keçirilən müsabiqələr, xüsusilə istedad  tələb edən yarışlar həmişə maraqla qarşılanır.

Belə müsabiqələrin birinə Rusiyanın “Rossiya-1” telekanalında rast gəldim. Daha doğrusu, “Qolos deti”  beynəlxalq musiqi yarışında soydaşımız Azər  Nəsibovun iştirakı diqqətimi cəlb etdi. Bundan sonra həmin müsabiqəni müntəzəm izləməyə başladım. Münsiflər heyətinin üzvləri də tanınmış insanlar idi. Leonid Aqutin, Dima Bilan, müğənni Pelageya Azərin çıxışını yüksək qiymətləndirdilər. Azər növbəti mərhələyə vəsiqə qazandı və müğənni Pelageya onu öz komandasına qəbul etdi. Həmin müsabiqədə təkcə Rusiya Federasiyasının vətəndaşları deyil, dünyanın bir çox ölkəsindən, o cümlədən MDB-dən  uşaqlar da iştirak edirlər. Belə bir mötəbər yarışda soydaşımızın uğurlu çıxışı məni də qəlbən sevindirdi. 

Onu da deyim ki, Azər Nəsibov Rusiya vətəndaşıdır. Sankt-Peterburqda yaşayır. Ölkəmizdə gözəl səsə malik uşaqlar çoxdur. Belə müsabiqələrə onların arasından yaxşıların yaxşısını seçib göndərmək məqsədəuyğun olardı.  Rusiya telekanalının auditoriyası çox genişdir. Onu dünyanın müxtəlif ölkələrində minlərlə tamaşaçı izləyir. Bu, Azərbaycanı və  zəngin mədəniyyətimizi tanıtmaq, təbliğ etmək üçün bir fürsətdir. Digər tərəfdən, belə  proqramlar gənclərə  öz arzularına çatmağa - estrada ulduzu olmağa şans yaradır.

Onu da qeyd edim ki, Pelageyanın Azəri öz komandasına qəbul etməsi heç də təsadüfi deyil. Azərin səs tembri (tenor), musiqi duyumu və səhnə mədəniyyəti yüksək olmasaydı, növbəti mərhələyə çıxmazdı. Üç turdan ibarət müsabiqənin növbəti hissəsində Azər Nəsibova dəstək lazımdır. Gəlin biz də ona dəstək olaq.

 

Akif ALLAHVERDİYEV,

Bakı şəhər sakini