Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təbiətə qarşı özbaşınalıq turizmin inkişafını ləngidir, insanları narazı salır

29 Sentyabr 2017
 

Respublikamızda sahibkarlığa dövlət dəstəyi  və qayğısı fonunda turizm biznesi də inkişaf yolundadır.  Amma təəssüf ki, yaradılan bu münbit mühitdən, göstərilən etimaddan sui-istifadə edənlərə də rast gəlinir.

Belələrinin  daha çox qazanc götürmək hərisliyi  turistlərdə mənfi rəy, fikir formalaşdırır, ümumiyyətlə, insanları narazı salır.  Bəzi sahibkarlar unudurlar ki, narazı  turist nəinki növbəti dəfə  özü ora  gələcək, həm də  internet vasitəsilə onun yaydığı rəy başqalarını da bundan çəkindirəcək. Digər  tərəfdən,  hər bir təşəbbüs və ya fəaliyyət   qanunvericiliyə, hüquqi norma və prinsiplərə, nəhayət, mənəvi etiketə uyğun gəlməlidir. İndi özünüz deyin, şəkildə gördüyünüz bu “mənzərə” nə dərəcədə qanuni və xoşdur?  Kim sahibkara ixtiyar verib ki, şəlalənin önünü kəssin, orada “hovuz” yaratsın, üstündən dar “cığır” salsın və bura keçidi pullu etsin?

Oğuzun Xalxal kəndi ərazisindəki bu gözəl təbii şəlaləni görməyə gələn yerli və əcnəbi  turist çox olur. Xüsusilə də qızmar yay aylarında.  Ərazidə fəaliyyət göstərən  sahibkar  diqqətdən qaçırıb ki, insanlar bura təbiətin təqdim etdiyi  gözəllikləri - şəlalə və meşəni görməyə, bunlardan zövq almağa, sərinləməyə, bir sözlə,  təbiətlə birbaşa təmasa gəlir.  Sahibkarlar  yalnız bu fonda əlavə nə isə xidmət təklif edib,  qazanc götürə bilər, daha  təbiəti  “özəlləşdirib” buna  görə haqq almaqla yox!  Əvvəla,  gəlib-gedənin çox olmasına baxmayaraq,  bura qədər yolun son bir neçə yüz metri bərbad vəziyyətdədir. Avtomobillərin saxlanılması üçün heç bir  şərait yaradılmayıb. Amma əvəzində avtomobil sahiblərinin hər birindən 1 manat  haqq tələb olunur.

Şəlalənin töküldüyü yerə də müdaxilə edilib, “biznes” (əslində, haqsız qazanc)   marağına “uyğun”laşdırılıb: şəlaləyə  yaxınlaşmağa görə  məzənnə müəyyənləşdirilib, hətta insanlara  “qiymət” də biçilib: buraya bir adam 1 manata buraxılır. Bu “unikal” xidmətlər üçün alınan  pula görə də kassa çeki təqdim olunmur. Deməli, həm də hesab-uçotdan gizlədilir...

Qəzet vasitəsilə əlaqədar orqanlara, xüsusilə  Mədəniyyət və Turizm Nazirliyinin diqqətinə çatdırmaq  istəyirik ki, belə neqativ hallar  turizmin inkişafını ləngitməklə yanaşı, ölkəmiz haqqında rəyə mənfi təsir göstərir. Elə bu səbəblərdən  yerli turistlər də  xaricə yönəlir. Halbuki, Azərbaycan bütün sahələr üzrə yaxın ölkələrdən qat-qat artıq turizm perspektivinə malikdir.

 

Elxan ELDAROĞLU,

Bakı şəhər sakini