Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

28 Sentyabr 2017
Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir.

Açılışda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük marağın olduğunu bildirib. Son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən də rəğbətlə qarşılandığını qeyd edib.

Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, “dəyirmi masalar”ın, müzakirələrin aparılacağını bildirib.

Nazir son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına və dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında verdiyi müvafiq Sərəncama uyğun olaraq reallaşdırılır.

Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açan Ə. Qarayev bildirib ki, ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur və kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm də Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda son vaxtlar vahid elektron kitabxana sistemi adlandıran ALISA-nın tətbiqinə başlanılacağını qeyd edən nazir, sərgi çərçivəsində bu sistemin təqdimatının olacağını da diqqətə çatdırıb.

Əbülfəs Qarayev kitab nəşriyyatı sahəsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq , kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Elçin Əfəndiyev belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir.

Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən E.Əfəndiyev bildirib ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

“Təhsil”, “Şərq-Qərb”, “Adiloğlu”, “Yazıçı”, “Əli və Nino”, “Apostrof”, “Alatoran”, “Letterpress” və digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi bu yarmarkada Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də ayrıca stendlə təmsil olunur. AZƏRTAC-ın iştirakçılara təqdim etdiyi nəşrlər sırasında son vaxtlar agentlik tərəfindən buraxılmış “İnformasiya yaradıcılığı, standartlar və yeni yanaşmalar”, “Müasir dünyanın informasiya şəbəkəsində AZƏRTAC-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”, “Keçid cəmiyyətində demokratiya”, “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu”, “20 Yanvar: tariximizin qanlı və şanlı səhifəsi”, “Dövlət siyasətinin informasiya təminatı” , “Türkdilli agentliklərin Bakı görüşü” və digər kitablar sərginin ziyarətçilərində daha böyük maraq doğurub.

Qeyd edək ki, sərgi sentyabrın 30-dək davam edəcək.