Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misir Milli Kitabxanasında Azərbaycan guşəsi yaradılacaq

28 Sentyabr 2017
 

V Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün ölkəmizə gəlmiş Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövki Misir Ərəb Respublikası səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakıda bir sıra görüşlər keçirib.

Sentyabrın 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində memarlıq ixtisası üzrə təhsil alan tələbələrə “İslam memarlığı” mövzusunda mühazirə oxuyan misirli professor növbəti gün Bilik Fondunun qonağı olub.

Əhməd Şövki fondun icraçı direktoru Oqtay Səmədov və əməkdaşlarla görüşüb. Misirli alimə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib, “Azərbaycan elmi dünyada”, “Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışılıb.

Misir Milli Kitabxanası və Arxivlərinin müdiri Əhməd Şövki ölkəsinin dünyada məşhur olan kitabxanası haqqında məlumat verib. Bildirilib ki, 1890-cı ildə fəaliyyətə başlayan Misir Milli Kitabxanası iki hissədən ibarətdir. Kitabxananın tarix bölməsində 100 milyondan çox sənəd, kitablar bölməsində beş milyon kitab var. Bununla yanaşı, kitabxanada 60 min əlyazma, beş min papirus, müxtəlif ölkələrə məxsus 13 minədək əskinas, sikkələr qorunub saxlanılır. İyirmi səkkiz filialı olan kitabxanada ümumilikdə 1800 işçi çalışır. Əhməd Şövqi professoru olduğu universitetdə 150-dək azərbaycanlı tələbənin təhsil aldığını, onlardan birinin Azərbaycan sikkələri haqqında tədqiqat işinə elmi rəhbərlik etdiyini deyib.

Misirli alim Bilik Fondunu Milli Kitabxana ilə əməkdaşlığa dəvət edib. Qonaq Azərbaycan Prezidentinin 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan etdiyini xatırladıb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin məhz bu il qurulmasının məqsədəuyğun olduğunu söyləyib.

Fondun icraçı direktoru qonağın Misir Milli Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifini müsbət dəyərləndirib, Misir haqqında Azərbaycanda, Azərbaycan haqqında Misirdə dərc olunan yazılardan ibarət toplunun tərtib edilməsinin, eyni zamanda, hər iki ölkənin əməkdaşlığını əks etdirən dərginin hazırlanmasının faydalı ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə hər iki xalqın ortaq dəyərlərinin elm, təhsil və  mədəniyyət üzərində formalaşdığı qeyd olunub, bu münasibətlərin qorunub saxlanmasının, inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Misirli professor görüşdən sonra Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrin qonağı olub, Misir mədəniyyətinin tərkib hissəsi sayılan eksponatların tarixi köklərindən, qədim əşyalar üzərindəki məna çalarlarından  danışıb.

Həmin gün daha bir görüş Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilib.

Bilik Fondu əhalinin maarifləndirilməsi, gənclərin ölkə və dünya mədəniyyətinin müxtəlif sahələri üzrə elmi biliklərinin artırılması, onların “İslam həmrəyliyi ili”ndə “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində tanınmış elm və mədəniyyət xadimləri ilə görüşlərinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirir.