Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistanda böyük xof: “İlham Əliyev Ermənistanı cəzalandıracağını bütün dünya qarşısında bəyan etdi və hamı ona inandı”

27 Sentyabr 2017
 

Azərbaycan Prezidentinin son diplomatik nailiyyətlərindən və müəllifi olduğu “Yeni Neft Müqaviləsi”ndən qorxuya düşən ermənilər sosial şəbəkələrdə S.Sarkisyanı ittiham edir, ondan hesab sorurlar

 

Prezidentlik müddəti bir neçə aydan sonra bitəcək Serj Sarkisyanın 10 illik fəaliyyəti dövrü qeyri-ciddiliyi, davamlı siyasi və diplomatik məğlubiyyətləri ilə tarixə həkk olunub.
İndi Ermənistan ictimai fikrində mütəmadi olaraq belə etiraflara rast gəlmək mümkündür: ölkənin, onun rəhbəri Serj Sarkisyanın siyasi fiaskosunun müəllifi Yerevanı uğurla təcrid durumuna salmağı bacaran Azərbaycanın dövlət başçısı İlham Əliyevdir.
Ötən 10 ildə hər iki prezidentin iştirak etdiyi beynəlxalq tədbirlər, sammitlər daim bir nəticə ilə yekunlaşıb: İlham Əliyev həmişə Serj Sarkisyanı ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla açıqlayıb.
BMT-nin son sessiyasında olduğu kimi...

 

“İlham Əliyev S.Sarkisyana peşəkarlıq dərsi keçir”

 

Son həftələrdə sosial şəbəkələrin ermənidilli seqmentini Azərbaycan və Ermənistan prezidentlərinin atdığı addımların ölkələri üçün nə dərəcədə səmərəli olması məsələsinin müzakirəsi zəbt edib. Konkret misal kimi Azərbaycanın “Əsrin müqaviləsi”ni 2050-ci ilə qədər uzatması göstərilir. Bu müqavilə Azərbaycanda nə qədər müsbət reaksiya doğursa da, ermənilərdə də elə o miqyasda böyük bir xof yaradıb. Burada hesab edilir ki, həmin müqavilə Azərbaycanı daha da güclü edəcək. Serj Sarksiyanın yarıtmaz siyasəti isə Ermənistanı çıxılmaz bataqlığa sürükləyəcək.
Bunu sosial şəbəkələrə nəzər salmaqla da aydın görmək olar. Sosial mediada paylaşılan statuslardan və yazılan şərhlərdən bəzilərini diqqətinizə çatdırırıq. Qeyd edək ki, ermənilərin sosial şəbəkələrdə paylaşımları öz dillərində olmaqla yanaşı, həm də ruscadır və biz bunlardan istifadə etmişik. Onlar paylaşımlarda Dağlıq Qarabağı “Artsax”, Xankəndini “Stepanakert” kimi təqdim ediblər. Biz yalnız bu bölgələrin adlarını onların yazdığı kimi yox, tarixi və rəsmi ifadəsi ilə oxucuların diqqətinə çatdırırıq.
İşğalçı ölkədə “Facebook” sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr “Əsrin müqaviləsi” xəbərini paylaşaraq “Azərbaycanın getdikcə varlanmağı Ermənistan üçün təhlükəli sayıla bilərmi” sualını ünvanlayıblar. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazaraq qorxmadan, çəkinmədən müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, idmançı rəylərinə belə rast gəlmək mümkündür.
Məsələn, ixtisasca iqtisadçı olan Stepan Qriqoryan yazır: “Acı həqiqət olsa da, demək lazımdır. Azərbaycan yenə iqtisadi cəhətdən Ermənistandan çox öndə olduğunu göstərə bildi. İnvestorlar Ermənistandan qaçdığı halda, Azərbaycana pul qoymaq üçün axın edir. Bu da Azərbaycanı daha da gücləndirir və belə vəziyyət Qarabağ danışıqlarına da mütləq şəkildə öz təsirini göstərəcək. Əlbəttə ki, Azərbaycanın xeyrinə”.

Həmin xəbərə kəskin münasibət bildirənlərin rəylərini bəyənən, psixoloq olduğunu profilində qeyd edən Anait Dəmirçiyan isə qəzəbli emosiya işarəsi ilə qeyd edir: “Xarici iş adamları ilə necə işləməyi bizim hakimiyyət hələ də öyrənə bilməyib. Elə bu səbəbdən Ermənistanda vəziyyət getdikcə pisləşir. Düşmən Azərbaycan isə xarici iş adamları ilə əməkdaşlıq nəticəsində görünür, daha çox pul qazanacaq. İlham Əliyev S.Sarkisyana peşəkarlıq dərsi keçir”.

 

“Bir də ayılacağıq ki, nə Ermənistan var, nə də ki Sarkisyan”

 

Henrix Aramyan isə “Twitter” sosial şəbəkəsində maraqlı paylaşım edib. Onun bu paylaşımına çoxlu sayda “retweet”lər olunub: “Heydər Əliyevin neft müqaviləsi Ermənistanı səfalətə, böhrana sürüklədi, İlham Əliyevin neft müqaviləsi isə Ermənistanı yəqin ki, tamamilə məhv edər. Bizim prezident isə indi də baş nazir olmağa hazırlaşır. Nə milləti düşünür, nə də ki ölkəni. Bir də ayılacağıq ki, nə Ermənistan var, nə də ki Sarkisyan”(qəzəb işarəsi).
Vardan Zurabyan “Facebook”da yüzminlik səhifələrdən birində reallığı əks etdirən şərhlə diqqəti çəkib. Səhifəsinə baxdıqda Yerevanda Stepan Şaumyan adına 1 saylı orta məktəbin müəllimi olduğu göstərilən Vardan yazır: “Avropa, Amerika İlham Əliyevə yalnız 2050-ci ilədək dəstək vermədi, onlar həm də İlham Əliyevi Ermənistanı məhvetmə siyasətinə dəstək verdi. Bu günlə sabahımıza etibar yoxdur. Çətin ki, 2050-ci ilə kimi dövlətimizi qoruya bilək. İki oğlum var. Hər ikisi özünə gün ağlamaq üçün Rusiyaya üz tutub. Belə getsə, mən də qaçacağam. Özü də birdəfəlik”.

 

“Neft-qaz kəmərinin açarı İlham Əliyevin cibindədir”

 

“Vkontakte” sosial şəbəkəsində “Əsrin müqaviləsi” ilə bağlı paylaşılan şəkilə münasibət bildirən Barxadur Zoriyanın səhifəsi isə əyləncə məkanlarında çəkilmiş fotolarla dolu idi. Rusiyada ticarətlə məşğul olan Barxadur gülüş işarəsi ilə paylaşılan şəklə belə rəy bildirib: “Yazıq Ermənistandakı həmvətənlərimin halına. Orada yaşamaq, nəfəs almaq belə puldur. Kasıbçılıq Ermənistanımı nə günə saldı. Sarkisyanın yalanları uçuruma yuvarlayıb. Düşmən Azərbaycan isə varlanmaqda davam edir. Rusiya ilə düşmənçilik edən Qərb İlham Əliyev kimi yeni neft-qaz partnyoru tapıb. Əslində İlham Əliyev Qərbi özündən asılı vəziyyətə saldı. Çünki neft-qaz kəmərinin açarı İlham Əliyevin cibindədir. Dostlar, artıq şərhə ehtiyac yoxdur!”
Vaxaq Qriqoryanın isə “Twitter”dəki “Özümüzü aldatmayaq, dostlar! Təəssüflər olsun ki, azı 2050-ci ilədək qaza, neftə ehtiyacı olan ölkələr İlham Əliyev nə deyəcəksə, onu da edəcəklər” statusuna çoxlu “retweet”lər edilib.

 

“Əlvida, Qarabağ!”

 

Robert Mkrtçyan adlı biri isə xəbər agentliyinin “Facebook” sosial şəbəkəsində “Əsrin müqaviləsi”nin Ermənistan üçün ziyanı nə ola bilər” sorğusunda maraqlı rəyi ilə çoxlu bəyənmələrə səbəb olub: “ABŞ, Avropa İlham Əliyevdən neft, qaz istəyir. İlham Əliyev də onlara neft, qaz verir. Bəs, İlham Əliyev onlardan nə istəyir: yalnız Qarabağı. Belə çıxır ki, onlar da İlham Əliyevə borclu qalmayacaqlar. Azərbaycan Prezidentinin dediyi ilə durub-oturacaqlar. Əlvida, Qarabağ!”
Ovik Karapetyan adlı biri “Əsrin müqaviləsi”ndə Ermənistanın həm siyasi, həm də iqtisadi cəhətdən uduzduğunu açıq şəkildə “Facebook”da paylaşdığı statusla diqqətə çatdırıb. Səhifəsində stomatoloq olduğu görünən Ovikin paylaşımı bəzilərinin etirazına səbəb olsa da, bir çoxlarının bəyənmələri ilə nəticələnib: “30 ildən sonra biz özümüzə sual verməliyik: Qarabağ biz ermənilərin nəyinə lazımdır? Bir xeyir belə görməmişik. Əksinə, həmişə ziyanını çəkirik. Bu gün Gürcüstan Azərbaycanın neft müqaviləsi sayəsində yenə də büdcəsini milyonlarla dolduracaq. Sarkisyanın siyasəti bu gün Ermənistanı hər şeydən məhrum edib. Düşmən olsa da, düzünü demək lazımdır. Azərbaycan inkişafda, biz isə geriləməkdəyik. Lənət olsun belə rəhbərə, bu cür yaşayışa...”

 

“İlham Əliyev Ermənistanı da, S.Sarkisyanı da yenə yerə vurdu”

 

Ötən həftə İlham Əliyevin BMT tribunasından verdiyi “Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı yenidən cəzalandıracaq” mesajı işğalçı ölkədə yeni şok effekti yaradıb. Həmin çıxışında dövlət başçısı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla yanaşı, həm də despotik erməni rejiminin yalanlarını növbəti dəfə məharətlə ifşa etdi. Bununla Prezident İlham Əliyev Serj Sarkisyanın ondan əvvəl səsləndirdiyi fikirləri tam şəkildə alt-üst etdi, növbəti dəfə onu gülünc vəziyyətinə saldı. Sarkisyan bu fonda Azərbaycan Prezidentindən daha bir ölümcül zərbə almış oldu.
Bununla bağlı erməni sosial şəbəkə istifadəçiləri səhifələrdə və paylaşılan statuslarda S.Sarkisyanın növbəti dəfə Azərbaycan Prezidentinə biabırcasına məğlub olduğunu etiraf edirlər. Ermənistanın xəbər agentliklərinin sosial media səhifələrində “Dostlar, Ermənistan və Azərbaycan prezidentlərinin BMT-dəki çıxışlarından nə nəticə çıxardınız” sualına çoxlu sayda münasibət bildirilib.
Edvard Şahnazaryanın şərhi çoxlu bəyənmələrlə yadda qalıb. İxtisasca hüquqşünas olduğunu qeyd edən Edvard yazır: “Dostlar, bilmirəm fikir verdiniz ya yox, S.Sarkisyan danışanda zalda hamını əsnəmək tutmuşdu (gülüş işarəsi). Çətin olsa da, düzünü demək lazımdır. O, Azərbaycanı, İlham Əliyevi yaxşı, inandırıcı vura bilmədi. Ancaq fikir verin, İlham Əliyev danışanda vəziyyət başqa cür idi. Çünki İlham Əliyev ilk dəqiqəsində Sarkisyanı uşaq qatili elan etdi. Sonra isə dövlətimizi, ordumuzu biabır elədi. Sarkisyanın onun cavabını verməyə cürəti çatmadı. Çünki qorxaqdır. Ancaq gücü ölkəmizdəki kasıb insanlara çatır. O, prezident deyil, üz qarasıdır. Mənim bu şərhimə qeyri-etik ifadələr işlədənləri, Sarkisyana yaltaqlananları blok edəcəyəm, şikayət edəcəyəm. Xəbəriniz olsun!”
Edvardın şərhinə fikir bildirən sahibkar Saak Qriqoryanın “Səninlə tamamilə razıyam. Həmişə olduğu kimi, Sarkisyan yenə sönük danışdı. Sanki iclası yola vermək üçün ora çıxmışdı. Ermənistandan, biz bədbəxtlərin problemlərindən, işsizlikdən, kasıbçılığın həlli yollarından danışmaq əvəzinə, ancaq İlham Əliyevdən danışırdı. Biri var qarşındakını aciz duruma salasan. Ancaq bizim prezident çıxış etdikcə özünü daha da səviyyədən salırdı. Kimlərsə məni qınasa da, söysə də, bunu açıq şəkildə çəkinmədən yazacağam: İlham Əliyev Ermənistanı da, S.Sarkisyanı da yenə yerə vurdu, sonra da təpiklədi” rəyi bir çoxunda qıcıq yaratsa da, əksəriyyətinin bəyənmələrinə səbəb olub.

 

“S.Sarkisyanın BMT tamaşası anşlaqsız keçdi”

 

Karine Davidyan adlı birinin “Twitter” sosial şəbəkəsindəki paylaşımı maraqla qarşılanıb: “Acı reallıq olsa da, qəbul edək ki, S.Sarkisyanın BMT tamaşası anşlaqsız keçdi. Onun aktyorluğuna yalnız Ermənistanda biz zavallı insanlar inana bilərik. Gələcəyi olmayan ölkədə ümidlə yaşamaq... Heç bir ölkəyə belə rəhbər arzulamıram”.
Levon Ohanyan adlı biri isə “Facebook”da paylaşılan xəbərlərə yazdığı maraqlı rəyi ilə diqqət çəkib: “Bizim nə vaxt normal bir prezidentimiz olub ki, indi də ola. Danışanda dilləri topuq vurur. Sarkisyan BMT-də hansı üzlə çıxış edib axı? Gündən-günə “inkişaf edən” Ermənistandan? Yalan danışmaq üzrə dünya birincisi S.Sarkisyan bilməli idi ki, ondan sonra çıxış edən İlham Əliyev həmişəki kimi daha yaxşı danışacaq. Düşmən olsa da, düzünü deyək. Axı, o, bunu bacarır. Bunu mən adi mühəndis bilirəm, S.Sarkisyan bilmir?”

 

“Bu gedişlə İlham Əliyevin Yerevanda qarşısına çıxacaq bir adam tapılmayacaq”

 

Raffi Oskanyan adlı tarixçi müəllim “Odnoklassniki” sosial şəbəkəsində BMT-də S.Sarkisyanın çıxışının əks olunduğu videomateriala münasibət bildirib: “Dostlar, bütün dünya Sarkisyanın çıxışından yox, İlham Əliyevdən danışır. Görəsən, bizim nə vaxt normal bir prezidentimiz olacaq? İlham Əliyev indiyəcən sülhdən danışa-danışa Qarabağı bizdən geri alırdı. İndi isə açıq şəkildə müharibədən danışırsa, demək, onun hədəfi Yerevandır. Bu gedişlə isə İlham Əliyevin Yerevanda qarşısına çıxacaq bir adam tapılmayacaq. Çünki mən özüm də daxil olmaqla yüz minlərlə insan ölkəni tərk etməkdədir. Məni lap qınayın, söyün də, düzünü yazacağam. İlham Əliyev kimi düşmən bizə bu zalım hakimiyyətdən daha yaxşıdır...”
Arsin Xancyan adlı biri isə “Facebook”da Rusiya xəbər agentliklərindən birinin paylaşdığı xəbərə belə bir rəy bildirib: “İlham Əliyev bu cəsarəti haradan alır? 200 dövlətin liderləri qarşısında deyir ki, Ermənistanı cəzalandıracağıq. İlham Əliyev bütün dünya qarşısında bəyan edir ki, Ermənistanı cəzalandıracaq, ona qalib gələcək və hamı, bütün zal ona inanır. Hətta alqışlayır. Əsəbimdən partlayıram. Və heç bir lider də buna etirazını bildirmir. Sarkisyan da buna reaksiya vermir. Yəqin o da taleyi ilə barışıb. Demək, İlham Əliyev artıq dünyanı inandırıb ki, Ermənistanı cəzalandırmaq lazımdır. Görün Sarkisyan bizi nə günlərə saldı”.

 

“S.Sarkisyan arvadı ilə geyim alış-verişində idi”

 

Müxalifətçi gənclərin yer aldığı “Facebook” səhifələrindən birinin üzvü Tiran Arzumanyanın paylaşdığı status da bir çoxunda təbəssüm yaradıb: “İlham Əliyev BMT-də deyir ki, Ermənistana müharibə elan edəcəyəm, Qarabağı geri qaytaracağam. Zal da onu alqışlayır. S.Sarkisyan həmin vaxt harada idi? Yəqin, arvadı ilə Nyu York gəzintisində və geyim alış-verişində idi” (gülüş işarəsi).
Bu şərhə Poqos Minasyan adlı biri isə maraqlı münasibət bildirib: “Bizimkini (S.Sarkisyanı nəzərdə tutur) nə Ermənistan, nə də Qarabağ maraqlandırır. İlham Əliyev danışır, o isə kefindədir. Yəqin arvadı Nyu Yorkdakı ticarət mərkəzlərindəki endirimlərdən xəbər tutub” (gülüş işarəsi).
Yuxarıda qeyd etdiyimiz statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Göründüyü kimi, son bir həftə ərzində Azərbaycanın əldə etdiyi uğurlardan şok yaşayan ermənilər sosial şəbəkələrdə Serj Sarkisyandan hesab sorurlar. Bu, Azərbaycanın və onun liderinin həm də informasiya müharibəsində növbəti inamlı qələbəsinin təsdiqidir. Və onlar indi daha yaxşı anlayırlar ki, qarşılarında dövrünün böyük siyasətçisi olan Prezident İlham Əliyev var!..

Elçin CƏFƏROV,
“Azərbaycan”