Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının miqyası genişlənir

27 Sentyabr 2017
 

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin  birgə təşkilatçılığı ilə keçirilən Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının konsert proqramları rəngarəngliyi ilə yadda qalır.

Beynəlxalq Muğam Mərkəzində “Sevgili canan” adlı layihə çərçivəsində Azərbaycanın gənc bəstəkarlarının yeni romanslarının təqdimi də məhz musiqi festivalı çərçivəsində təşkil edilib. Tədbirdə musiqişünas, professor Ceyran Mahmudova romans janrının yaranma tarixindən söz açıb. O bildirib ki, Avropada yaranan bu  musiqi janrının Azərbaycanda əsasını Asəf Zeynallı qoysa da, inkişafı Üzeyir bəy  Hacıbəylinin adı ilə bağlıdır.

Musiqili gecədə Üzeyir bəy Hacıbəylinin “Sənsiz”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, Fikrət Əmirovun “Gülərəm, gülsən”, eləcə də gənc bəstəkarların romansları səsləndirilib.

Sentyabrın 26-dək davam edən Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində musiqisevər tamaşaçılar Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış edən gürcüstanlı pianoçu, UNESCO-nun “Sülh artisti” fəxri adına layiq görülmüş Eliso Bolkvadzenin canlı ifasını dinləyiblər.

“İki il əvvəl Batumidə Fərhad Bədəlbəylinin ifasında Qara Qarayevin konsertini dinləyib bəyənmişəm. Bakıda - bəstəkarın vətənində onun prelüdlərini zəif çala bilmərəm. Həmin əsərlərin üzərində çalışıb gələcək konsert proqramlarıma daxil edəcəyəm” - fikirlərini ifadə edən Eliso Bolkvadzeni fərqləndirən cəhət onun bəstəkarın əsərinə köçürdüyü hissləri öz çalğısı ilə dinləyicilərə ötürmək bacarığıdır.

Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı dünyanın bir sıra mədəniyyət mərkəzlərində də maraqlı və yaddaqalan konsert proqramları ilə davam etməkdədir.  Berlində fəaliyyət göstərən Azərbaycan-Almaniya Ziyalılar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Evində dahi bəstəkarın anadan olmasının 132-ci ildönümü və milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.

Birliyin sədri Naibə Şirinova iştirakçılara Üzeyir bəy Hacıbəylinin keçdiyi həyat yolundan, zəngin yaradıcılığından, milli musiqimizin inkişafında əvəzsiz xidmətindən danışıb. Dahi Üzeyir bəyin öz yaradıcılığında Şərqlə Qərbin vəhdətini yaratması tamaşaçıların diqqətinə çatdırılıb.

Tədbirdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin ifasında bəstəkarın “Sənsiz” və “Sevgili canan” romansları səslənib. Kiçikyaşlı həmvətənlərimiz  dahi bəstəkarın eyni zamanda, komediya janrının ustadı olduğunu onun felyeton və miniatürlərindən ibarət bədii kompozisiya və cənublu soydaşların iştirakı ilə hazırladıqları “O olmasın, bu olsun” musiqili komediyasından səhnəciklərlə təsdiqləyiblər.

Böyük bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında  da festival çərçivəsində Rusiyanın fortepiano triosu maraqlı konsert proqramı ilə çıxış edib.   Beynəlxalq müsabiqələr laureatı Filipp Kopaçevskinin ifasında romantizmin parlaq nümayəndəsi, görkəmli Polşa bəstəkarı və pianoçusu F.Şopenin “Polonez As-dur” əsəri səsləndirilib.  Konsertin sonunda üç pianoçu dünya musiqisinin qüdrətli simalarından biri, rus bəstəkarı S.Raxmaninovun “2 saylı Elegik trio” əsərini möhtəşəm ifa edərək, səhnəni gur tamaşaçı alqışları ilə tərk ediblər.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Novosibirsk Filarmonik Kamera Orkestrinin çıxışı da yaddaqalan olub.  Uzaq Sibirdən gəlmiş orkestr artıq Azərbaycandan kənarda, Avropanın bir çox konsert salonlarında da alqışlarla qarşılanıb yola salınan gənc azərbaycanlı  dirijor,  əməkdar artist Əyyub Quliyevin idarəsi ilə maraqlı proqram təqdim edib. Azərbaycan, rus və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramda həm klassik, həm də XX əsrin ikinci yarısında intişar tapan avanqard musiqinin ən maraqlı nümunələrinə yer verilib.

Üzeyir bəyin “Arazbarı”sı ilə yanaşı, dahi bəstəkarımız Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər və  xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “Metamorfozlar” əsərinin ifası da proqrama daxil edilib.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”