Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kristian Vigenin: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun davam etməsinə razı ola bilmərik

26 Sentyabr 2017
Sentyabrın 26-da Milli Məclisin Sədr müavini, ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ilə görüşdü. Görüşdə ATƏT-lə əməkdaşlığa və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı.

B.Muradova bildirdi ki, Azərbaycan ATƏT, eləcə də onun Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verir və bu təşkilatın fəaliyyətində yaxından iştirak etməyə çalışır. Həmçinin, Azərbaycan ATƏT-lə əməkdaşlıq çərçivəsində bir çox problemlərin həlli baxımından səmərəli işlər həyata keçirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkən B.Muradova problemin həlli üçün müəyyən həll yollarını araşdırdığına görə Kristian Vigeninə təşəkkürünü bildirdi. Bu baxımdan, onun Azərbaycana olan səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Çünki bu münaqişə bütün region üçün təhlükəlidir. Buna görə də region dövlətlərinin hər biri məsələnin tezliklə həll edilməsinə dəstək göstərməlidirlər.

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin isə öz növbəsində Azərbaycan nümayəndə heyətinin ATƏT PA-dakı aktiv fəaliyyətini təqdirəlayiq hal kimi qiymətləndirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılmasının vacibliyini qeyd etdi. Onun sözlərinə görə, Cənubi Qafqazda yaşanan münaqişələr, xüsusən də Dağlıq Qarabağ məsələsi ATƏT-in gündəmindədir. Münaqişənin yeganə həll yolu sülhdür. ATƏT PA bu istiqamətdə atılan hər bir addımı dəstəkləməyə hazırdır. Əlbəttə, münaqişənin tezliklə həll edilməsi üçün hər iki dövlətin üzərinə böyük məsuliyyət düşür. Bununla belə, çalışmaq lazımdır ki, hər bir dövlət, eləcə də aidiyyəti olan beynəlxalq təşkilatlar bu işə öz töhfələrini versinlər.

Qonaq əlavə etdi ki, münaqişənin həlli üçün hələ də ciddi bir nəticə əldə edilməyib. Lakin bu belə davam etməməlidir, bir çıxış yolu tapılmalıdır. Bildirildi ki, bəzən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırırlar. Lakin hazırda təmas xəttində hər iki tərəfdən mülki və hərbi şəxslərin öldürülməsi faktları qeydə alınır. Bunun qarşısını almaq üçün bütün qüvvələr səfərbər olunmalıdır.

Görüş qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəraitində davam etdirildi.