Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib

24 Sentyabr 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

Bildirildi ki, dövlətimizin başçısının 2014-cü ildə Neftçalaya səfəri zamanı verdiyi tapşırığa və 2015-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə yaxından tanış oldu.

Bildirildi ki, məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. Qeyd edək ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisəyə verilən İnvestisiya Təşviqi Sənədi hesabına təqribən 2 milyon manata qənaət edilib. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev Neftçala balıq yemi istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış oldu.

İllik istehsal gücü 25 min ton olan müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müəssisəyə 5,9 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, sahibkara 1,2 milyon manat vəsaitə qənaət etmək imkanı yaradır. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

İyirmi ildir fəaliyyət göstərən “Metak” MMC də Neftçala Sənaye Məhəlləsində öz müəssisəsini yaradıb. Müəssisədə plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsal ediləcək. İllik istehsal gücü 2 milyon tara olan müəssisəyə 1,35 milyon manat investisiya qoyulub. Müəssisəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 600 min manat güzəştli kredit verilib. “Metak” MMC-yə, həmçinin İnvestisiya Təşviqi Sənədi də təqdim edilib ki, bu, müəssisənin təqribən 35 min manata qənaət etməsinə imkan verir. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq. Qeyd edək ki, ümumiyyətlə “Metak” şirkətinin bütün məhsulları Azərbaycanda istehsal olunur.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin digər bir müəssisəsi - “Gilan PİVOT” MMC-nin fəaliyyəti ilə də tanış oldu. Müəssisədə müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 1 milyon manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.

Dövlətimizin başçısı Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün yaradılan emalatxana ilə də tanış oldu. Bu emalatxanada müxtəlif məmulatlar hazırlanacaq. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb və 10 nəfər daimi işlə təmin olunacaq.

Qeyd edək ki, sənaye məhəllələrinin yaradılması həm də kiçik və orta sahibkarlığa dəstəkdir. Belə sənaye məhəllələri həm də regionlarda sənaye sahələrinin mərkəzləşməsini, daha səmərəli fəaliyyət göstərmələrini, yeni müəssisələrin yaradılmasını və müəssisələrarası istehsal kooperasiyasını təşviq edir.

Prezident İlham Əliyev “Toğrul-2008” MMC-nin müəssisəsində də oldu. Bildirildi ki, müəssisədə polietilen suvarma boruları istehsal edilir. 100 min manat investisiya hesabına yaradılan müəssisənin illik istehsal gücü 360 tondur. Hazır məhsul ətraf rayonlarda fermerlərin bu sahədə ehtiyaclarının ödənilməsinə yönəldilir.

“Providence Limited” MMC də Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərəcək. Modul tipli məktəb binalarının quraşdırılması ilə məşğul olan müəssisəyə 80 min manat investisiya yönəldilib. Hazırda müəssisədə 15 nəfər çalışır. Qeyd edək ki, modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq səyyar məktəb quraşdırılır. Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər ,Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub.

Neftçala Sənaye Məhəlləsinin daha bir iştirakçısı “Azproduct” MMC-dir. Müasir texnologiyaların tətbiq edildiyi müəssisə balıq emalı və konservləşdirilməsi sahəsində fəaliyyət göstərəcək. İstehsal sahəsində ildə 7 milyon şərti banka konserv və 500 ton soyudulmuş təzə balıq istehsalı nəzərdə tutulur. 2017-ci ilin oktyabrında istifadəyə veriləcək müəssisəyə 1,7 milyon manat investisiya qoyulub. Əlavə dövlət dəstəyi olaraq müəssisəyə İnvestisiya Təşviqi Sənədi təqdim edilib. Bu, müəssisənin təqribən 290 min manata qənaət etməsinə imkan verib. İstehsal sahəsində 40 nəfər işlə təmin ediləcək.

Artıq “Azproduct” MMC ilə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC arasında balıq konservlərinin satışına dair 2,2 milyon manat dəyərində müqavilə də imzalanıb.

Dövlətimizin başçısı “Sun Rise Production” MMC-nin Sənaye Məhəlləsində yaratdığı müəssisə ilə də tanış oldu. Müəssisədə kağız stəkanlar və hazır içkilər istehsal olunacaq. İstehsal sahəsinin yaradılmasına 619 min manat investisiya yönəldilib. Bundan başqa, müəssisəyə İnvestisiya Təşviqi Sənədi verilib ki, bu, təqribən 84 min manata qənaət etməyə imkan yaradır.

Prezident İlham Əliyev Sənaye Məhəlləsinin inzibati binasında da oldu. Bina toplantı və təlimlərin keçirilməsi üçün iclas otağından, müasir ofis sahələrindən, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Burada sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, “Startup”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub.

Bir sözlə, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 

Prezident İlham Əliyevin
çıxışı


- Bu gün Neftçala şəhərinin tarixində çox əlamətdar bir gündür. Neftçalada Sənaye Məhəlləsi açılır, öz işinə başlayır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Mən çox şadam ki, qısa müddət ərzində gözəl şəhərcik yaradılıbdır. Neftçala rayonunun inkişafında bu sənaye məhəlləsinin çox böyük rolu olacaq. Burada artıq bir neçə müəssisə fəaliyyətə başlayıb, bir neçə müəssisənin fəaliyyəti yaxın aylarda təmin ediləcəkdir. Bir sözlə, bizim vaxtilə verdiyimiz qərar artıq həyatda öz əksini tapır. İki il əvvəl Neftçalada Sənaye Məhəlləsinin yaradılması ilə bağlı mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır. İki il ərzində yaradılan bu gözəl sənaye şəhərciyi artıq istifadəyə verilir. Bu, onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına çox böyük təkan verəcək. Bu sənaye məhəlləsinin yaradılması əslində bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə - xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır. İndi Mingəçevir şəhərində böyük sənaye zonası yaradılır və kiçik şəhərlərdə də belə layihələrin icrası çox əlamətdar hadisədir. Böyük şəhərlərdən sonra ilk sənaye zonası Neftçala rayonunda yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq.

Sənayeləşmə siyasəti uğurla aparılır. Biz bu zonaların yaradılması ilə iş adamlarına dövlət tərəfindən növbəti dəstək göstəririk. Bu zonanın yaradılması bizim təşəbbüsümüz olmuşdur. Azərbaycan dövləti bu təşəbbüslə çıxış edib və dövlət tərəfindən bu zonanın yaradılmasına 20 milyon manatdan çox vəsait ayrılıbdır. Bütün infrastruktur məsələləri həll olunub, modullar inşa edilib və özəl sektora burada fəaliyyətə başlamaq üçün kreditlər verilib. Özəl sektor da kreditlər hesabına və öz vəsaiti hesabına 45 milyon manat sərmayə qoyubdur. Yəni, bu, onu göstərir ki, burada dövlət-özəl sektor tərəfdaşlığı özünü göstərir. Çünki əgər biz bu təşəbbüslə çıxış etməsəydik, onu irəli sürməsəydik, bax, bu zona da heç vaxt yaranmazdı. İndi bu zona var və o, böyüyəcək. Bildiyimə görə, rayon sahibkarları tərəfindən maraq çox böyükdür. Burada istehsal olunan və olunacaq mallar idxalı əvəzləmək üçün bizə kömək göstərəcək. Çünki indi bizim əsas məqsədimiz yerli istehsalı daha da gücləndirmək, idxaldan asılılığı azaltmaqdır.

Bu zonanın ən böyük müəssisəsi avtomobil zavodudur. Bu zavodun fəaliyyəti nəticəsində biz avtomobil idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik və eyni zamanda, ixrac üçün də imkanlar yaranacaqdır. Bu zavodun yaradılması İran-Azərbaycan tərəfdaşlığının təzahürüdür və çox şadam ki, Azərbaycanda, Neftçalada belə gözəl müəssisə yaradılıb. Mənə verilən məlumata görə, bütövlükdə Neftçala Sənaye Məhəlləsində 500-ə yaxın insan işlə təmin olunacaq. Bu, işsizliyin aradan qaldırılması istiqamətində növbəti addım sayıla bilər. Bilirsiniz ki, bu göstəriciyə görə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır, Azərbaycanda işsizlik çox aşağı səviyyədədir. Ancaq biz daim yeni iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Çünki Azərbaycanda əhali artır. Hər il əhalinin sayı ən azı 100 min nəfər artır. Əlbəttə, iş yerlərinin yaradılması daimi proses olmalıdır. Elə iş yerləri yaradılmalıdır ki, onlar həm sənayenin, həm kənd təsərrüfatının inkişafına xidmət göstərsin və bu iş yerlərinin yaradılması nəticəsində istehsal olunan məhsullar idxalı da əvəzləsin. Biz Neftçala Sənaye Məhəlləsində bunu görürük. Burada demək olar ki, təqdim edilən bütün müəssisələr idxalı azaldacaq, əvəzləyəcək, yerli məhsul daxili və xarici bazarlara çıxarılacaq.

Bu Sənaye Məhəlləsinin çox böyük mənası var. Bu, onu göstərir ki, biz düzgün yoldayıq və qəbul edilmiş qərarlar vaxtında, yüksək səviyyədə icra olunur. Biz bu məhəlləni cəmi iki il ərzində yarada bilmişik. Bu, deməyə əsas verir ki, hər bir rayonda belə sənaye məhəllələri yaradıla bilər. Əslində bu məsələ ilə bağlı müvafiq göstəriş artıq verilmişdir və əminəm ki, tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq.

Gələn ilin İnvestisiya Proqramında dövlət investisiya xərcləri sırasında mütləq yeni bölgələrdə sənaye zonalarının yaradılması nəzərdə tutulmalıdır. Müvafiq göstəriş verilib və bölgələrdə yaşayan, fəaliyyət göstərən sahibkarlar, iş adamları da əlbəttə ki, bu zonaların yaradılmasında fəal iştirak etməlidirlər. Çünki burada, yəni, istehsal sahəsinə yatırılan sərmayə özəl sektor tərəfindən qoyulur. Əlbəttə, qeyd etdiyim kimi, dövlət də daim öz dəstəyini göstərəcək. Dövlət bu ərazini seçib, burada infrastruktur layihələrini icra edib, modul konstruksiyaları inşa edib, sahibkarları səfərbər edib, güzəştli şərtlərlə kreditlər verib ki, onlar yaxşı iş görsünlər.

Beləliklə, mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Yenə də qeyd etmək istəyirəm ki, bu zonanın Neftçala rayonunun inkişafına böyük dəstəyi olacaqdır. Rayonun inkişafı bundan sonra da uğurla getməlidir. Neftçala rayonunda bir çox önəmli layihələr icra edilibdir – sosial layihələr, iqtisadi layihələr, infrastruktur layihələri. Bu gün əsaslı təmirdən sonra Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edəcəyəm. Bu böyük xəstəxana indi ən yüksək standartlara cavab verir. Neftçala rayonunda yol layihələri uğurla icra edilir, 11 kəndi birləşdirən bir yol layihəsi istismara verilibdir və digər layihə tezliklə icra ediləcək. O layihənin icrası nəticəsində 20-dən çox kənd artıq bir-biri ilə gözəl yolla bağlanacaq və beləliklə, Neftçala rayonunun əksər kəndlərinin yol problemi öz həllini tapacaq.

Suvarma ilə bağlı böyük işlər görülür. Biz yeni əkin sahələrini dövriyyəyə buraxırıq. Meliorasiya işləri sürətlə gedir. Bu gün biz Neftçala magistral su kanalının və nasos stansiyasının birinci mərhələsinin istismara verilməsini qeyd edəcəyik. Beləliklə, kənd təsərrüfatının inkişafına da böyük təkan veriləcək. Bir sözlə, biz rayonun inkişafına kompleks şəkildə yanaşırıq, kənd təsərrüfatı əlbəttə ki, əsas sahədir və indi Neftçala ölkəmizin sənaye mərkəzlərinin birinə çevrilir. Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

 

x x x

 

Neftçala balıq yemi istehsalı müəssisəsinin baş mühəndisi Tofiq MAHMUDOV dedi:

-Hörmətli cənab Prezident, Neftçalaya xoş gəlmisiniz. Mən Sizi bütün Neftçala sakinləri, Neftçala zəhmətkeşləri və Neftçala sənayeçiləri adından salamlayıram.

Ölkəmizdə ilk Sənaye Məhəlləsinin Neftçalada yaradılması, cənab Prezident, Sizin neftçalalılara olan qayğınızın bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev o zamanlar Neftçalaya böyük diqqət yetirirdi, dəfələrlə Neftçalaya gəlirdi. Ulu Öndər səfərlərinin birində Neftçala yod-brom zavodunun açılışını etdi. Müəssisədə çalışan gənc mütəxəssis kimi bu mərasimdə iştirak etmək mənə də qismət olub. Ulu Öndər həmişə Neftçalaya diqqət göstərib, Siz də bu siyasəti davam etdirirsiniz.

Neftçalalılar daim Sizin diqqətinizi hiss edirlər. Budur, indi Neftçalada yeni Sənaye Məhəlləsi açılır. Bu Sənaye Məhəlləsinin açılması nəinki Neftçalanın iqtisadiyyatını genişləndirəcək, - həm də burada sənaye ilə yanaşı, qeyd etdiyiniz kimi, kənd təsərrüfatı da inkişaf edir, - eyni zamanda, bölgədə sənayenin inkişafına təkan verəcək. Sahibkarlar üçün geniş imkan yaratmısınız, onlarda böyük ümid, inam yaranıb. Gəlib bu Sənaye Məhəlləsində investisiya qoyublar, yeni istehsal sahələri açıblar. Hazırda bu gün açılışını etdiyiniz balıq yemi zavodunun baş mühəndisi vəzifəsinə dəvət olunmuşam, orada çalışacağam. Rayonumuzda dövlətə, dövlətçiliyə, milli adət-ənənələrimizə sadiq gənclər yetişir. Belə sənaye müəssisəsinin açılması, cənab Prezident, bu gənclər üçün iş yerləri deməkdir.

Cənab Prezident, Neftçalaya göstərdiyiniz qayğıya və ilk sənaye məhəlləsinin ölkəmizdə məhz Neftçalada açılmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan dövlətinin inkişafı, xalqımızın gələcək rifahı naminə Sizə fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Prezident İlham ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

 

x x x

 

Sonda xatirə şəkli çəkdirildi.