Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Diplomatik nailiyyətlərin BMT mərhələsi

24 Sentyabr 2017
 

Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri Ermənistanın beynəlxalq təcridi prosesinə yeni impuls verdi

 

Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda, bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırışlara adekvat reaksiya verərək özünü uğurla doğruldur.
Bu gün Azərbaycanın qarşısında dayanan yeganə problem torpaqlarımızın işğal altında qalmasıdır. Əgər beynəlxalq münasibətlər sistemində ikili standartlar hökm sürməsəydi və Ermənistan ayrı-ayrı siyasi mərkəzlər tərəfindən himayə olunmasaydı, Azərbaycan işğal altında olan ərazilərini çoxdan azad etmişdi. Çünki reallıq ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin son 14 ildə dinamizmlə inkişaf etdirdiyi Azərbaycan hərbi və iqtisadi gücünə görə Ermənistanı dəfələrlə üstələyir. Ötən ilin aprel ayında cəbhə xəttində baş verən hərbi əməliyyatlar Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünün praktik təsdiqi oldu.
Danışıqlar prosesinin nəticəsiz qalmasına rəğmən Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün istər siyasi-diplomatik, istərsə də iqtisadi və digər sahələrdə genişmiqyaslı iş aparır. Bu məsələdə əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanın işğalçı siyasətinin beynəlxalq miqyasda ifşasına nail olmaqdır. Respublikamız bunun üçün bütün imkanlardan səmərəli istifadə edir. Buraya beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıqdan tutmuş qlobal informasiya müharibəsində aktiv fəaliyyət, hücum diplomatiyasının həyata keçirilməsi və s. daxildir.
Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxış Azərbaycanın Ermənistana siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Bununla həm də Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı.
Ümumiyyətlə, Azərbaycan Ermənistanın diplomatik küncə sıxışdırılması üçün beynəlxalq tribunalardan uğurla yararlanır. İndiyədək bütün mötəbər təşkilatlarda rəsmi Yerevan çıxılmaz vəziyyətə salınıb. Azərbaycanın 25 il əvvəl üzv olduğu Birləşmiş Millətlər Təşkilatı da ölkəmizin ərazi bütövlüyünü və beləliklə, haqq səsini tanıyır. 1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həlli tələb olunur.
Ona görə Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasındakı çıxışında öncə Ermənistanın işğalçılıq siyasətindən və BMT-nin qərarlarının hələ də icra olunmamasından bəhs etdi. Azərbaycan Prezidentinin çıxışında xüsusi vurğuladığı məqam isə Ermənistan prezidentini hərbi cinayətkar adlandırması idi. Tam yerinə düşən bu ifadə hazırda Ermənistana rəhbərlik edən Serj Sarkisyanın terrorçu mahiyyətini bütün incəliklərinə qədər ifadə edir. Ən əsası isə ondan ibarətdir ki, Ermənistan hakimiyyəti S.Sarkisyanın hərbi cinayətkar olduğunu heç vaxt təkzib edə bilmir. Ona görə Prezident İlham Əliyevin Xocalı soyqırımından bəhs edərkən: “Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir” - deməsi S.Sarkisyana vurulan növbəti tərs şillə oldu.
Xocalıda 63 uşağı qətlə yetirən ermənilər bir neçə il əvvəl 9 yaşlı Farizi, 13 yaşlı Aygünü, bu il isə 2 yaşlı Zəhranı qətlə yetirməklə uşaq qatili olduqlarını bir daha yaddaşlarda təzələdilər. Sarkisyanın rəhbərlik etdiyi Ermənistanın mülki əhalini, xüsusi ilə körpələri qəddarcasına qətlə yetirməsi rəsmi Yerevanın cinayətkarlığını, faşizm ideologiyasına büründüyünü, bu ölkədə terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bütün qabarıqlığı ilə aşkara çıxarır. Ona görə Prezident İlham Əliyevin Ermənistana rəhbərlik edən bu terrorçunu hədəfə alması təsadüf deyildi. Cənab İlham Əliyevin bu çıxışından sonra bilməyənlər də Ermənistan prezidentinin terrorçu xislətindən, uşaqları qətlə yetirməsindən xəbərdar oldular.
Prezident İlham Əliyevin Dağlıq Qarabağ məsələsində toxunduğu digər aktual məsələ BMT qətnamələrinin icrasız qalması barədə idi. BMT-nin qərarları 24 il əvvəl qəbul edilsə də, icra olunmayıb. Baxmayaraq ki, ötən bu müddətdə təşkilatın digər qərarları vaxtında yerinə yetirilib. Azərbaycana qarşı olan bu haqsızlıq təəssüf doğurmaqla yanaşı, ölkə ictimaiyyətində dünyanın bu mötəbər təşkilatına olan etimadı da azaldır. Azərbaycan tərəfi dəfələrlə bu məsələni gündəliyə gətirib və qərarların dərhal icra olunması üçün BMT-də islahatların keçirilməsinin zəruriliyini bildirib.
Çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev BMT tribunasından ikili standartlara son qoyulmasını tələb etdi: “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır”.
Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Dağlıq Qarabağla bağlı səsləndirdiyi bütün fikirlər dünya ictimaiyyətinə bir daha mesaj oldu. Bütün bunlar beynəlxalq birlikdə Ermənistanın terrorçuluq siyasəti ilə bağlı formalaşmış fikirləri daha da qətiləşdirdi. Bu çıxışı dinləyən hər kəsə Ermənistanın işğalçı dövlət olması, Azərbaycanın ikili standartlara məruz qalması daha aydın oldu.
Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışı ilə ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu. Təbii ki, bu çıxış Azərbaycan diplomatiyası qarşısında daha yeni hədəflər müəyyənləşdirir. Bu hədəflərin uğurla dəf edilməsi, Ermənistanın diplomatik cəhətdən sıxışdırılması torpaqlarımızın azad edilməsi istiqamətində mühüm vəzifələrdən biridir.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”