Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan komandası qadınlar arasında voleybol üzrə Avropa çempionatına qələbə ilə başlayıb Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb

22 Sentyabr 2017
Sentyabrın 22-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin rəsmi açılış mərasimindən sonra “A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.

Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra oyuna start verildi. Milli komandamız ilk setin əvvəlində hesabda geri olsa da, setin sonuna doğru üstünlüyü ələ alaraq 25:23 hesabı ilə qələbə qazandı. Azərbaycan voleybolçuları ikinci setdə inamla mübarizə apararaq rəqibə çətinlik çəkmədən qalib gəldilər – 25:14. Oyunun üçüncü seti də Azərbaycan voleybolçularının inamlı qələbəsi ilə yekunlaşdı - 25:16. Beləliklə, 3:0 hesabı ilə qalib gələn voleybolçu qızlarımız Avropa çempionatına qələbə ilə başladılar.

Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışladı.

Qeyd edək ki, sentyabrın 22-dən oktyabrın 1-dək davam edəcək, Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində 16 komanda dörd qrupda mübarizəyə qoşulub. “A” qrupunda Azərbaycan, Almaniya, Polşa və Macarıstan yığma komandaları yer alıblar. Çempionata ev sahibliyi edən digər ölkənin - Gürcüstanın yığma komandası İtaliya, Xorvatiya və Belarus milliləri ilə birlikdə “B” qrupunda mübarizə aparacaq. “C” qrupunda hazırkı Avropa çempionları - Rusiya voleybolçuları ilə yanaşı, Türkiyə, Bolqarıstan və Ukrayna yığmaları da qrupdan çıxmaq uğrunda yarışacaqlar. “D” qrupunda isə Serbiya, Niderland, Belçika və Çexiya yığma komandaları qərarlaşıblar. “A” və “C” qruplarının qarşılaşmaları Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. “B” qrupunun görüşləri Tbilisidə, “D” qrupunun matçları isə Göygöl Olimpiya İdman Kompleksində oynanılacaq.

Qaydalara əsasən, qruplarda birinci yeri tutan komandalar dörddəbir finala birbaşa vəsiqə qazanacaqlar. İkinci və üçüncü yerdə qərarlaşan komandalar isə pley-off mərhələsində mübarizə aparacaqlar. Çempionatın pley-off, dörddəbir, yarımfinal və final görüşləri Bakıda – Milli Gimnastika Arenasında keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.