Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb

22 Sentyabr 2017
Sentyabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun səfərinin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafında yeni səhifə açacağını deyib. O, əlaqələrin genişləndirilməsində bu cür qarşılıqlı səfərlərin, görüşlərin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, parlament rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilir. Nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın mütəmadi görüşləri və onları maraqlandıran məsələlər ətrafında aparılan fikir mübadilələri ümumi məqsədlərə xidmət edir.

Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox dərin köklərə malik olduğunu deyən Milli Məclisin sədri bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər münasibətlərimizin inkişafında xüsusi rol oynayır. Azərbaycan ilə Rusiyanın regionları arasında əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirən Oqtay Əsədov deyib: “Hazırda Rusiyanın 70 federasiya subyekti ilə ikitərəfli ticari-iqtisadi əlaqələrimiz mövcuddur. 20 subyekt ilə müxtəlif sənədlər imzalanıb. Bu gün biz iki tərəfli sənədi imzalayacağıq. Bu sənəd Sankt-Peterburq Qanunvericilik Məclisi ilə bizim əlaqələrimizin başlanğıcı olacaq”.

Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. Qeyd edib ki, beynəlxalq həyatda mövcud olan aktual və mürəkkəb problemlərin həllində Azərbaycan və Rusiyanın baxışları üst-üstə düşür. Bu əlaqələr ilk növbədə gələcək nəsillər üçün qurulur və inkişaf etdirilir.

Sonra “Tərəflər arasında danışıqların yekununa dair” protokol imzalanıb.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.