Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

22 Sentyabr 2017
Azərbaycanda səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 22-də Milli Məclisdə olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə keçirilən görüşdə ölkələrimiz arasındakı əlaqələrdən, qanunverici orqanların əməkdaşlığından məmnunluq ifadə olunub.

Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətindən danışan Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynov bildirib ki, bu səfər ikitərəfli əlaqələrin daha da inkişafını təmin etməyə və qanunverici orqanlar arasında münasibətləri dərinləşdirməyə xidmət edir.

Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov bildirib ki, Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluq əlaqələrinin tarixi kökləri var. O qeyd edib ki, Azərbaycan tərəfi bu səmimi dostluğu, əməkdaşlıq əlaqələrini geosiyasi sistemlərə, iqtisadi sanksiyalara baxmayaraq qoruyub saxlayır.

“Biz Prezident İlham Əliyevə və digər hökumət nümayəndələrinə beynalxalq arenada Rusiyanın mürəkkəb, həmçinin vacib mövqeyinə dəstək verdiklərinə görə minnətdarıq. Rusiyada olan Azərbaycan diasporu ölkənin, Sankt-Peterburqun iqtisadiyyatının və ikitərəfli əlaqələrin inkişafı üçün çoxlu işlər görüb”, - deyə Vyaçeslav Makarov əlavə edib.