Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev S.Sarkisyanı yenə də məğlub etdi

22 Sentyabr 2017
 

Azərbaycan Prezidenti BMT-nin Baş Assambleyasının sonuncu sessiyasında dünya erməniliyini bir daha biabırçı vəziyyətə saldı

 

Azərbaycan və Ermənistanın son 10 ildə geridə qoyduğu dövr inkişaf baxımından iki ölkə arasında fərqin daha da böyüdüyünü aydın surətdə meydana qoydu.
Əgər bu dövr ərzində Azərbaycan əldə etdiyi uğurlarla beynəlxalq aləmdə daha güclü, nüfuzlu subyektə çevrilməyi bacardısa, Ermənistanda bunun tam əksi müşahidə olundu. Bu, həm də sözügedən dövrdə dövlətləri idarə edən liderlərin idarəetmə bacarıqlarının real təzahürü oldu. Birmənalı həqiqətdir ki, prezidentlik fəaliyyət bir neçə aydan sonra bitən Serj Sarkisyanın 10 illik fəaliyyəti dövrü qeyri-ciddiliyi, davamlı məğlubiyyəti ilə tarixə həkk olunub.

 

İşğalçı ölkə böyük səfalətə sürüklənib

 

Serj Sarkisyanın iqtidarda olduğu dövr ərzində Ermənistanda iqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc isə həddən artıq çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Ümumiyyətlə, Ermənistan formal müstəqilliyini əldə etdikdən indiyə qədər iqtisadi problemlərini həll edə bilməyib. Əvvəllər Rusiya və digər ölkələrin hesabına yaşayan Ermənistan indinin özündə də xaricdən asılı vəziyyətdədir. Xarici ianə və yardımların kəsiləcəyi təqdirdə Ermənistanın daha böyük səfalətə sürüklənəcəyi şəksizdir.
Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Hökumət tərəfindən xaricdən alınan borclarla elektrik enerjisi, su təminatı, həmçinin xidmət sahələrində vəziyyətin yaxşılaşacağı deyilsə də, reallıqda bunun əksi müşahidə olunur. Kommunal xidmətlər isə durmadan bahalaşır. Elə bu da hökumətin sadəcə xalqı aldatdığını aydın göstərir. O da maraqlıdır ki, hökumət köhnə borcları ödəmək üçün yeni kreditlər götürür və bu da özü-özlüyündə Ermənistanın xaricdən asılılığını daha da artırır.
Siyasi, hüquqi və digər vacib sahələrdə də Ermənistanda tənəzzül durmadan dərinləşir. Sosial-iqtisadi durumun ağırlığı, insanların sabaha olan ümidlərinin qırılması əhalinin kütləvi şəkildə ölkədən köç etməsini stimullaşdırır. Özü də gedənlər əsasən iş qabiliyyətli insanlardır. Əvvəlki kimi Ermənistanı orta və cavan nəslin nümayəndələri tərk edir. Yerdə qalanlar isə yaşlı nəslin təmsilçiləridir və onlar dövlət büdcəsi üçün yük sayılır. Bütün bunların fonunda, təsadüfi deyil ki, Ermənistanın real əhalisi ilbəil azalmaqdadır. Çoxsaylı problemlər, ölkənin dünya standartları səviyyəsində istehsal imkanlarının olmaması, regional layihələrdən kənarda qalması Ermənistanın iqtisadi çöküşünü daha da sürətləndirir.

 

S.Sarkisyan rəzil duruma düşdü

 

Burada bir məqamı xüsusi qabartmaq lazım gəlir ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, onun liderinin təcavüzkara qarşı gördüyü tədbirlərdir.
İndi Ermənistanda belə bu cür etiraflara rast gəlmək mümkündür: ölkənin, onun rəhbəri Serj Sarkisyanın siyasi fiaskosunun müəllifi Yerevanı uğurla təcrid durumuna salmağı bacaran Azərbaycanın dövlət başçısı İlham Əliyevdir.
Birmənalı həqiqətdir ki, ötən dövr ərzində Azərbaycan Prezidenti qlobal informasiya savaşında dünya erməniliyini gücdən salmaqla, neytrallaşdırmaqla yanaşı, şəxsən Serj Sarkisyanın siyasi iflasını uğurla həyata keçirdi. Ən əlamətdar məqam odur ki, Azərbaycan Prezidenti bütün bu prosesi beynəlxalq dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirdi.
Ötən 10 ildə hər iki prezidentin iştirak etdiyi beynəlxalq tədbirlər, sammitlər daim bir nəticə ilə yekunlaşıb: İlham Əliyev həmişə Serj Sarkisyanı ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini danılmaz faktlarla açıqlayıb. BMT-nin Baş Assambleyasının sonuncu sessiyasında İlham Əliyev bu şərəfli ənənəsinə sadiq qaldı!
Öncə onu qeyd edək ki, sessiyada daha əvvəl çıxış edən Serj Sarkisyan həmişəki kimi boş avantüralarla, ağa qara deməklə bu ali tribunadan yenə nağıllar uydurdu. Sarkisyanın çıxışı yalan və saxtakarlığın klassik forması olmaqla yanaşı, onun özünü pis vəziyyətdə qoyması ilə nəticələndi. Ən azından ona görə ki, Baş Assambleyanın sessiyasında iştirak edənləri bu yalanlara inandırmaq mümkün deyil və bu səbəbdən həmin şəxslər Sarkisyanın çıxışına sadəcə istehza ilə yanaşırdılar. Bu səbəbdən erməni xunta rəhbəri əslində sadəcə olaraq özünü aldatmağa çalışdı və ifşa olundu. Sarkisyan çıxışına, yalanlarına aludə olaraq unutmuşdu ki, nitq söylədiyi tribunanın sahibi olan BMT-nin Təhlükəsizlik Şurası erməniləri işğalçı kimi tanıyan və onların Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmasını tələb edən dörd qətnamə qəbul edib.

 

Ermənistan prezidenti faktlarla ifşa olundu

 

Dünyada gedən mürəkkəb proseslərin, qarşıdurmaların müzakirə edildiyi, həll yollarının axtarıldığı beynəlxalq tədbirdə Sarkisyan ənənəvi olaraq tarixi faktları təhrif edərək, ucuz, böhtan, şər xarakterli, ənənəvi erməni üslubunda bəyanatlar səsləndirməklə əslində, özünü gülünc bir vəziyyətə saldı.
Amma S.Sarkisyanın əsassız ittihamları cavabsız qala bilməzdi və Prezident İlham Əliyevin çıxışında Ermənistanın işğalçı siyasəti, Dağlıq Qarabağ münaqişəsinin xüsusi yer tutması bu mənada tam təbii idi. Öz çıxışı ilə Sarkisyanı daha pis vəziyyətə qoyan, onun yalanlarını ifşa edən Prezident İlham Əliyev münaqişənin yaratdığı fəsadları, eləcə də regional və qlobal təhlükəni tarixi faktlar və təkzibolunmaz sübutlarla əsaslandırdı. Eyni zamanda, İlham Əliyev Sarkisyanı faktlarla ifşa etdi və elə BMT-də Ermənistan prezidentinə, onun hamilərinə sərt xəbərdarlıq da göndərdi: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.
BMT-nin Baş Assambleyasının sonuncu sessiyasındakı çıxışları ilə Prezident Ermənistan tərəfini növbəti dəfə fakt qarşısında qoydu. Eyni zamanda, erməni rəhbərliyinin yarıtmaz siyasətinin mahiyyətini də diqqət mərkəzinə gətirdi. Ancaq görünən odur ki, Ermənistan prezidenti hələ də reallıqla barışmaq niyyətində deyil. Əksinə, destruktiv mövqe nümayiş etdirərək ölkəsini daha böyük problemlər burulğanına sürükləyir, işğalçılıq niyyətini açıq bəyan etməklə region ölkələri ilə münasibətlərini pisləşdirir. Azərbaycan ərazilərinin işğalına görə növbəti dəfə sərt tənqidlərlə üzləşən Serj Sarkisyan hələ də lazımi nəticələr çıxara bilmir, qeyri-konstruktiv mövqeyindən geri çəkilmək niyyətində olmadığını yenidən nümayiş etdirir.
Beləliklə, Azərbaycan öz sözünü dedi, xəbərdarlığını bir daha ən yüksək səviyyədə etdi. İndi seçim Ermənistanındır. Ya Azərbaycanın yeni sarsıdıcı zərbələri altında tam məhv olmaq, ya da işğal siyasətinə son qoyub dövlət kimi varlığını saxlamaq. Özü də seçim üçün Ermənistanın vaxtı çox deyil.

Elçin CƏFƏROV,
“Azərbaycan”