Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səhiyyə naziri ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyasında iştirak edib

21 Sentyabr 2017
Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 11-14-də Budapeştdə keçirilən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin 67-ci sessiyasında iştirak edib. Sessiya ərəfəsində ÜST Avropa Regional Komitəsinin iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Avropa Regionunda İcraiyyə Komitəsində iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə 67-ci sessiyanın gündəliyi, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələləri müzakirə edilib.

Tədbirin açılışında “BMT Şəhəri”nin himayədarı, Danimarka Krallığının şahzadəsi, Ülyahəzrət Meri, Yunanıstanın Baş Naziri A. Çipras, Türkiyə Cümhuriyyəti baş nazirinin müavini Rəcəb Akdağ xüsusi qonaq qismində iştirak ediblər.

Sessiyanın gündəliyinə sessiyanın İdarə heyətinin seçilməsi, Avropa regional direktoru Jujanna Yakabın məruzəsi, Daimi Komitənin sessiyaya hesabatı, ÜST yeni seçilmiş baş direktoru Tedros Gebreyesusun sessiyaya müraciəti, Regional Komitənin Büdcə, Proqram və İnzibati Komissiyasının hesabatı, ÜST islahatlarının keçirilməsi, Səhiyyədə texniki məsələləri, Qeyri infeksion xəstəliklərə qarşı mübarizə, “Səhiyyə-2020”, Qlobal səhiyyə sistemlərinin strateji idarəsi, Reproduktiv sağlamlıq, Tibbi Kadrların təkmilləşdirilməsi, QİÇS və vərəmlə mübarizə, Beynəlxalq Səhiyyə Qaydaları, Səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, ÜST-da idarəçilik və s. məsələlər daxil edilib.

ÜST Avropa Regional Komitəsinin 67-ci sessiyasının İdarə heyətinin təyinatından sonra regional direktor Jujanna Yakab sessiyada hesabat nitqi ilə çıxış edib. Regional direktor öz çıxışında ÜST Assambleyasının qətnamələrinin Avropada həyata keçirilməsi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən, habelə sessiyanın gündəliyində müzakirə ediləcək məsələlərdə ÜST rəhbərliyinin mövqe və tövsiyələrinə dair fəaliyyətlər haqqında məlumat verib.

Çıxışda Daimi Komitənin proqramı, büdcə və inzibati komissiyasının hesabatının layihəsi, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları və “Səhiyyə-2020” strategiyası da geniş yer alıb.

Digər sessiyalardakı kimi qəbul olunmuş qaydalara əsasən gündəlikdə olan məsələlərin müzakirəsində əvvəl katibliyin üzvləri, sonra isə qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri öz rəylərini veriblər.

Tədbir çərçivəsində Avropa Bürosu regional direktoru, habelə komitəyə üzv ölkələrdən Polşa, Türkiyə, Belarus, Macarıstanın və Özbəkistanın səhiyyə rəsmiləri ilə, BMT Baş Katibinin QİÇS-lə mübarizə üzrə köməkçisi Mişel Kazaçkine ilə işçi görüşlər keçirilib.

Səhiyyə naziri Oqtay Şirəliyev 67-ci sessiyada gündəlikdə olan «Sağlamlıq -2020», tibbi kadrların təkmilləşdirilməsi, psixi sağlamlıq, reproduktiv sağlamlıq və beynəlxalq səhiyyə qaydaları məsələlərinə dair çıxışlar edib.

Vərəm üzrə fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd edilib və məsələyə dair Dövlət proqramının həyata keçirilməsi vurğulanıb.