Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ADA Universiteti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq edəcək

20 Sentyabr 2017
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ADA Universiteti əməkdaşlıq haqda razılaşma imzalayıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, sənədin əsas məqsədi ADA-da informasiya texnologiyaları və mühəndislik sahəsində təhsil alan tələbələr üçün dəstəkləyici layihələr həyata keçirmək, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə birgə fəaliyyətlə məşğul olmaqdır.

Müqaviləni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.

Rektor Hafiz Paşayev nazirliyin təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, ADA-da informasiya texnologiyaları və mühəndislik üzrə təhsil alan əlaçı tələbələr bu əməkdaşlıq çərçivəsində təqaüdlər qazana biləcək, yeni təcrübə imkanları əldə edəcəklər. ADA Universiteti fəaliyyətində tələbələrin start-up layihələrinin dəstəklənməsinə geniş yer verir.

Nazir Ramin Quluzadə qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İKT sahəsində həyata keçirilən işlərə ən istedadlı gəncləri cəlb etməkdə maraqlıdır. Nazirlik nəzdində fəaliyyət göstərən müəssisələrlə birgə tədqiqat layihələri həyata keçirmək, gənc alimlərlə birgə daim yenilənən İKT sahəsində meyilləri izləyərək yeni ideyalar ortaya qoymaq niyyətindədir.

Qeyd edək ki, ADA Universitetinin Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, eləcə də “AzInTelekom” MMC arasında konkret tədbirlər planı üzrə iki əlavə sənəd də imzalanıb.