Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya Bankının təhsil missiyasının üzvləri DİM-in fəaliyyəti barədə məlumatlandırılıblar

20 Sentyabr 2017
Sentyabrın 20-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycana səfərdə olan Dünya Bankının təhsil missiyasının üzvləri ilə görüşüb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə təhsil missiyasının üzvləri – Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin baş iqtisadçıları İqor Xeyfets və Katia Herrera Sosa, həmçinin DİM-in Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, şöbə müdirləri Natiq Əliyev, Oleq Şelaqinov, Çingiz Xəlilov və Fuad Mayılov da iştirak ediblər.

Görüşdə Azərbaycanın ali təhsil sektorunun ölkənin iqtisadi inkişafına töhfəsinin gücləndirilməsi imkanları müzakirə olunub. Təhsil missiyasının üzvləri Dünya Bankının hamı üçün təhsil imkanlarının yaradılması və ölkənin təhsil sisteminin gücləndirilməsinə yardım etmək məqsədi daşıyan “Daha Yaxşı Təhsil Nəticələri üçün Sistem Yanaşması” (SABER) təşəbbüsü çərçivəsində ali təhsil və biznes inkubatorları üzrə məsləhət proqramını və uşaqların erkən inkişafı siyasətinin SABER təhlili üzrə metodologiyasını təqdim ediblər.

Məleykə Abbaszadə isə DİM-in yaradılması, fəaliyyəti, biliyin qiymətləndirilməsi sahəsində bu qurumun ölkədə rolu barədə görüş iştirakçılarına ətraflı məlumat verib.