Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

20 Sentyabr 2017
Sentyabrın 20-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Eldar İbrahimov gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə iclasda E.İbrahimov bu günlərdə “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması ilə bağlı Sazişin imzalanmasına münasibət bildirib. Bu kontraktın böyük əhəmiyyət kəsb etdiyini vurğulayan sədr bunun ölkəmizin gələcək iqtisadi inkişafına hesablanmış uğurlu strateji addım olduğunu diqqətə çatdırıb. O, həmçinin neftçiləri peşə bayramı münasibətilə təbrik edib.

Sonra aqrar siyasət komitəsinin 2017-ci il yaz və növbədənkənar sessiyalarının yekunlarına dair gördüyü işlər barədə müzakirələr aparılıb.

Bildirilib ki, komitə 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik fəaliyyəti sahəsində nəzərdə tutulmuş iş planına uyğun şəkildə həyata keçirib. Qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilib, vətəndaşların qəbulu, ərizə və müraciətlərinə baxılması sahəsində müntəzəm iş aparılıb. Hesabat dövründə komitənin 7 iclası keçirilib, bu iclaslarda 17 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilib. Hesabat dövründə komitə beynəlxalq təşkilatlar və xarici ölkə parlamentləri ilə sıx əlaqələr saxlayıb.

Qeyd edilib ki, Milli Məclisin aqrar siyasət komitəsinə 59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 38 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 21 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb.

Sonra 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verən komitə sədri bir sıra qanun layihələrinin müzakirə olunacağını bildirib.

Deputatlar “Heyvanlar aləmi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihəni nəzərdən keçiriblər.

Qeyd olunub ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Belə ki, heyvanlar aləminin elmi tədqiqatı müvafiq elmi müəssisə və təşkilatlar tərəfindən həyata keçirilir və “Elm haqqında” Qanuna uyğun olaraq maliyyələşdirilir.

İclasda, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə də qanun layihəsinə baxılıb.

Müzakirələrdən sonra bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.