Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib

19 Sentyabr 2017
Sentyabrın 19-da Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadı Rəcəbli iclası açaraq gündəlik barədə məlumat verib.

İclasda əmək və sosial siyasət komitəsinin 2017-ci il yaz sessiyasının yekunları dinlənilib və 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə müzakirələr aparılıb.

H.Rəcəbli bildirib ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib. Həmin iclaslarda 23 məsələ müzakirə olunub, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib. Həmin dövr ərzində komitəyə 573 sənəd, o cümlədən vətəndaşlardan 489 ərizə, nazirliklərdən və idarələrdən 84 sənəd daxil olub. Komitənin ünvanına daxil olan ərizələr əsasən sosial xarakter daşıyır.

Deputatlar, həmçinin Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər.

Qeyd olunub ki, təklif edilən dəyişiklik texniki xarakterlidir. Bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklər “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Həmçinin qeyd olunub ki, “Əmək pensiyaları haqqında” Qanuna da dəyişiklik edilir. Təklif olunan dəyişiklik texniki xarakterlidir.

Sonra müzakirə olunan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.