Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İKT avadanlığının təhvil verilməsi barədə akt imzalanıb

19 Sentyabr 2017
Sentyabrın 19-da Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə Çin Xalq Respublikasının (ÇXR) İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında İKT avadanlığının təhvil verilməsi barədə aktın imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, sənədi təhsil naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Heydər Əsədov və ÇXR-in Azərbaycandakı səfiri Vey Cinxua imzalayıb.

Ötən ilin dekabrında bağlanmış müqaviləyə əsasən, ÇXR Hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə Təhsil və Kənd Təsərrüfatı nazirliklərinə 21 min ədəd noutbuk, elektron lövhə, proyektor, printer və digər İKT avadanlığı təqdim edilib.

Təhsil müəssisələri üçün nəzərdə tutulan avadanlığın verilməsinin əsas məqsədi təhsil sistemini müasirləşdirmək, beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, təhsil müəssisələrində İKT-nin tətbiqini genişləndirmək və region məktəblərinin bu sahədə avadanlığa olan ehtiyacını təmin etməklə əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanı yaratmaqdır.