Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Musiqidə “Motsart effekti”

18 Sentyabr 2017
Do, re, mi, fa, sol, lya, si...

Duyğuları sehirləyən bu yeddi notun hər birinin öz səsi və ahəngi var. Dinləyəni haldan-hala salan, düşündürən, həyat və yaşamaq şövqünü gücləndirən musiqinin böyük və qeyri-adi şəfaverici gücü barədə maraqlı faktlar var...

... Böyük Vətən müharibəsi zamanı Bryansk cəbhəsində ukraynalı cavan bir əsgər döyüş meydanında yaralanır. Onun ayağını kəsməyə hazırlaşırlar. Lakin əməliyyat üçün əsgərə verməyə narkoz tapılmır. Həmin vaxt döyüşçülərlə görüşə gedən xalq artisti Bülbülü çağırırlar ki, ukraun dilində bildiyi mahnıları oxusun.

Bülbül əməliyyat otağına keçib “Natalka Poltavka” operasından Pyotrun “Solntse nizenka” mahnısını oxuyur. Mahnı qurtaranda cərrahiyyə stolundakı əsgər xahiş edir ki, mahnını bir də təzədən oxusun. Əməliyyat üç saat çəkir. Bülbül həmin üç saatda mahnını təkrar-təkrar oxuyur. Əməliyyat narkozsuz başa çatır...

Musiqidə sakitləşdirmək və şənləndirmək qabiliyyəti xüsusiyyəti var. Lakin çox az adam bilir ki, səslərin bu imkanlarından baş ağrısına, nevroza və yuxusuzluğa qarşı həb kimi istifadə etmək olar. Bütün hallarda kömək edən universal “həb” məşhur bəstəkar Motsartın qeyri-adi və füsunkar musiqisidir. Alimlər həmin fenomeni “Motsart effekti” adlandırırlar.

Aktyor Jerar Depardye cavan vaxtı Parisə gələndə pis danışır, kəkələyirdi. Xüsusi məşğələlərlə yanaşı, həkim ona hər gün iki saat Motsart musiqisini dinləməyi məsləhət görmüşdü. Aktyor həkimin məsləhətinə əməl edərək bir neçə aydan sonra kəkələmədən xilas ola bildi.

Madrid şəhərində sakit bir park var. Parkda qoyulmuş reproduktorlar vasitəsilə daim klassik musiqi yayımlanır. Dincəlmək, sakitləşmək, yorğunluğunu çıxarmaq üçün hər gün insanlar parka gəlir, burada son dərəcə astadan yayımlanan musiqiyə qulaq asaraq gəzişirlər.

Tibb elmləri doktoru, professor Rafiq Təhməzov Çin nəzəriyyəsi əsasında muğam diaqnostikası işləyib hazırlamışdır. Həmin nəzəriyyəyə uyğun olaraq ayrı-ayrı səslərə, muğam hissələrinə qulaq asmaqla insanın hansı orqanının xəstə olduğunu müəyyən etmək mümkündür.

Nüvədidə Natiq Fərəcov orta məktəbdə oxuyanda isti süd bidonu aşaraq onun üstünə tökülmüş və bədəninin xeyli hissəsini yandırmışdı. O, Mehri xəstəxanasında yatarkən vurulan iynələrə, aparılan müalicə kursuna dözmək üçün həkimlərdən xahiş etmişdi ki, Məmmədbağır Bağırzadənin ifasında audiokasetə yazılmış muğam parçalarına qulaq asmağa icazə versinlər. Dəhşətli yanıqlar onu incidəndə, ağrılar şiddətlənəndə maqnitofonu işə salır, müalicələri muğam sədaları altında aparırdılar...

Musiqi nəinki insanları müalicə edir, hətta bitkilərin inkişafına da kömək göstərir. Amerika alimlərinin apardıqları tədqiqat belə nəticəyə gəlməyə əsas verir ki, mütəmadi çalınan klassik musiqi bitkinin böyüməsini və inkişafını sürətləndirir. Hətta musiqi sədaları altında sağılan inəklər adi vaxtda olduğundan daha çox süd verirlər.

Nə qədər təəccüblü və inanılmaz olsa da...

 

AZƏRTAC